...

Leyla Zeynalova “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin indiyə kimi keçirdiyi tədbirlərdən danışdı (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2023 20:34 (UTC +04:00)
Leyla Zeynalova “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin indiyə kimi keçirdiyi tədbirlərdən danışdı (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 2015-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq və tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi ilə proqram şəklində yaradılıb, 2019-cu ildən etibarən isə fəaliyyətinə ictimai birlik olaraq davam edir.

Bu barədə Trend-ə müsahibəsində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova deyib.

O qeyd edib ki, ictimai birlik 11 regionda ali, orta ixtisas və peşə olmaqla, ümumilikdə 40-dan çox təhsil müəssisəsində fəaliyyət göstərərək 30 mindən çox tələbə-könüllünü əhatə edir və indiyədək 1000-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək göstərib. Birlik Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi ilə tərəfdaş təşkilat olaraq yaxından əməkdaşlıq edir.

İctimai Birliyin hazırki fəaliyyətindən söz açan Leyla Zeynalova Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəb şagirdləri üçün silsilə maarifləndirici görüşlər təşkil edildiyini bildirib. Sözügedən layihənin ilkin mərhələsində aprel ayı ərzində “Yüksəliş” müsabiqəsinin qaliblərinin məzunu olduqları məktəblərə səfərinin təşkil edilməsi, may ayı ərzində isə ümumilikdə “Bir Gələcək” təşəbbüsü üçün qeydiyyat formu üzərindən müraciət etmiş namizədlərin emal edilərək məktəblərə səfərlərinin təşkil edilməsi nəzərdə tutulmuşdur. Təşəbbüsün məqsədi yetişməkdə olan gənc nəslin inkişafına töhfə vermək, şagirdlərin düzgün ixtisas sahələrini müəyyən etməklərinə, karyera və peşə seçimi zamanı yaranan suallara mütəxəssislərin rəyini almaq fürsətini yaratmaqdan ibarətdir.

Leyla Zeynalova həmçinin əlavə edib ki, “Bir Könüllü” Təşkilatı 2023-cü ildə maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün “WinterCamp 2023”, kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclər üçün “CyberCamp 2023”, riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün “MathCamp 2023” və təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün "EduCamp 2023" olmaqla beş günü əhatə edən ümumilikdə artıq 4 tələbə düşərgəsi təşkil edib.

“Əsas məqsədimiz üzvlərimiz üçün onların maraq diarələrini nəzərə alaraq davamlı maairfləndirici və faydalı layihələr təşkil etməkdir.” - deyə bildirən sədr birliyin bir neçə layihəsinin artıq silsilə xarakter daşıdığını da əlavə edib.

Bu layihələrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” aiddir ki, “Layihə bu günə qədər artıq Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetində təşkil edilib”, – deyə o bildirib.

Həmçinin o əlavə edib ki, 2019-cu ildən etibarən hər il 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə ilə təşkil edilən “Gəncliyin Bir Həftəsi” layihəsi də silsilə layihələr sırasındadır. Bir həftə ərzində davam edən layihə çərçivəsində gənclərlə birgə maraqlı ekskursiyalar, müsabiqələr, elmi-əyləncəli oyunlar, idman yarışları, aktual mövzular üzrə təlim kursları təşkil olunub.

“Beynəlxalq istiqamətdə də fəaliyyətini genişləndirməyə çalışan təşkilat ilk dəfə beynəlxalq forum da həyata keçirib”, – deyə Leyla Zeynalova bildirib və əlavə edib ki, Təhsilin İnkişafı Fondu və Gənclər Fondunun dəstəyi ilə “Şuşa İli”nə həsr olunmuş “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu keçirilib. Forumda xüsusi komissiya tərəfindən seçilmiş “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq”, “Diplomatiya” və digər əlaqəli ixtisaslar üzrə 30 fərqli ölkədən dünyanın top universitetlərində təhsil alan 40 xarici və 10 yerli tələbə iştirak edib.

İctimai birliyin təşkilatçılığı ilə keçirilən təlim proqramlarından bəhs edən sədr Asan İnnovativ İnkişaf Mərkəzində “Edublog” layihəsi çərçivəsində təlim kursu təşkil edildiyini qeyd edib. Layihənin təşkilində əsas məqsəd təhsil, pedaqoji, jurnalistika və ictimai münasibətlər ixtisaslarında təhsil alan və qeyd olunan sahələrə maraq göstərən tələbələrdə təhsilə dair müxtəlif formatda və mövzuda məzmunların hazırlanmasını təşviq etmək olduğunu qeyd edib.

Gənclərin müxtəlif istiqamətlərdə inkişafına töhvə verən birlik idman və mədəniyyət sahəsində də müxtəlif layihələr həyata keçirib. Belə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin şanlı Qələbəsinə həsr olunan “Zəfər” adlı həvəskar voleybol turniri keçirilib. Mübarizəyə orta və ali təhsil müəssisələrində təhsil alan 224 tələbədən ibarət 32 komanda qoşulub və qaliblər mükafatlandırılıb.

Həmçinin “Bir Könüllü” Təşkilatının təşəbbüsü ilə 8 Mart-Beynəlxalq Qadınlar Günündə Bakı Slavyan Universitetinin səhnəsində Cadenza Contemporary Orchestra-nın ifasında 500 nəfərlik auditoriyaya interaktiv konsert-görüşü təşkil edilib.

Leyla Zeynalova bildirib ki, birlik layihələr təşkil etməklə yanaşı ölkə əhəmiyyətli irimiqyaslı tədbirlərin təşkilinə də könüllü dəstəyi göstərir. “2018-ci ildən etibarən Müəllimlərin İşə Qəbulu, müəllimlərin sertifikasiyası müsabiqələrinə 200-dən çox könüllü, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Para-cüdo üzrə Dünya Çempionatının keçirilməsinə 40 könüllü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu və STEAM Mərkəzinin təşkilatçılığı ilə baş tutmuş “İnternational STEAM Azerbaijan Festival” layihəsinə 300 könüllü ilə dəstək göstərməyimiz”, - yaxşı nümunə olardı deyə o əlavə edib.

Son olaraq birliyin sədri vurğulayıb ki, ictimai birlik Xankəndi-Laçın yolunda keçirilən dinc aksiyada tələbə-könüllülərin davamlı iştirakının təşkilinə dəstək göstərmiş, həmçinin Heydər Əliyev adına İdman Konsert Kompleksində qardaş ölkə Türkiyədə zəlzələ qurbanlarına humanitar yardımların toplanması, çeşidlənməsi, tırlara göndərilməsi və daşınması prosesinə dəstək olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti