Bakı. Trend:
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, energetika sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri start götürüb.
Trend xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən turnirdə Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC iştirak edirlər.
Turnirin təşkilində məqsəd Azərbaycan şahmatının inkişafına böyük diqqət göstərmiş Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, bu intellektual idman növünün təşviqi, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və kommunikasiyanın artırılması, dövlət qurumları arasında müxtəlif növ idman yarışlarının keçirilməsinə marağın artırılmasıdır.
İki turdan ibarət olan və 30 nəfərin qatıldığı yarışda iştirakçılar fərdi şəkildə mübarizə aparacaqlar.
Şahmat turnirinin final oyunu və mükafatlandırma mərasimi iyunun 10-da keçiriləcək.