...

Ulu Öndər görkəmli Azərbaycan ziyalıları və incəsənət xadimlərinin himayədarı olub - Rauf Əliyev

Cəmiyyət Materials 21 İyun 2023 09:40 (UTC +04:00)
Ulu Öndər görkəmli Azərbaycan ziyalıları və incəsənət xadimlərinin himayədarı olub - Rauf Əliyev

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalıları və incəsənət xadimlərinin himayədarı olub.

Ümummilli lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb. Bunu Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir. Dahi şəxsiyyət Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla bitmirdi.

Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Bu, qədim Şamaxı torpağının hələ orta əsrlərdən söz-sənət yuvası olduğuna bələdçilik və ona qayğının təzahürü demək idi.

1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz mühüm bir hadisə idi. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə təhvil vermək tarixi ədalətsizlik üzərində milli qələbə idi.

Heydər Əliyev 1982-ci il yanvarın 15-də Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusi qeyd ediblər. Bütün bunlarla yanaşı, onun hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz.

1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövr üçün yazarlara böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir. Həmin dövrdə klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda Nəsiminin abidəsi qoyuldu. Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyləri gəlirdi. Bu münasibətlə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Bu, o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycan şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirildi.

1990-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görüldülər.

Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də yazıçıların qurultayında iştirak edib. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük etimad idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başlandı

Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında sitatlar söyləmişdir. 21 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə Heydər Əliyev demişdir: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”

18 sentyabr 1994-cü il tarixdə Böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin təntənəli açılışında Ulu Öndər söyləmişdir: “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.”

17 dekabr 1994-cü il tarixdə Böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında Heydər Əliyev demişdir: - “Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır.”

10 iyun 1995-ci il tarixdə Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədə Ulu Öndər söyləmişdir: - “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”

18 sentyabr 1995-ci il tarixdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Heydər Əliyev nitqində demişdir: - “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.”

17 oktyabr 1997-ci il tarixdə Müslüm Maqomayevin yubiley gecəsində Ulu Öndər çıxışında söyləmişdir: - “Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl ifa edir, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir.”

30 oktyabr 1997-ci il tarixdə Azərbaycan Yazıçılarının X Qurultayında Heydər Əliyev demişdir: - “Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şerə, mədəniyyətə olan münasibətimiz idi".

13 oktyabr 2001-ci il tarixdə Dahi sənətkar Rəşid Behbudovun xatirə gecəsində Ulu Öndər demişdir: - “Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir".

Ümummilli lider bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə ölkə ziyalılarına yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Öz xalqını və ziyalısını dərindən sevən Heydər Əliyev fəaliyyəti dövründə respublika elm və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan ziyalılarının inkişafına da da daima diqqət yetirmişdir. Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğur və müvəffəqiyyətlə davam etdirilir. Ölkədə elm, təhsil, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Rauf Əliyev

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti