...

Azərbaycana gələn turistlərin sayı 37 faizdən çox artıb

Cəmiyyət Materials 23 Avqust 2023 14:43 (UTC +04:00)
Azərbaycana gələn turistlərin sayı 37 faizdən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, gələnlərin 32,8%-i Rusiya Federasiyası, 18,2%-i Türkiyə, 7,4%-i İran, 4,9%-i Hindistan, 4,7%-i Gürcüstan, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,4%-i Qazaxıstan, 2,3%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla İsrail və Ukrayna, 1,4%-i Belarus, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5%-ni kişilər, 29,5%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan - 3,8 dəfə, Hindistandan - 2,6 dəfə, Belarusdan - 2 dəfə, Özbəkistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, İsraildən - 44,2%, ABŞ-dən - 38,7%, Gürcüstandan - 34,5%, Böyük Britaniyadan - 29,2%, Küveytdən - 26,6%, Türkiyədən - 18,8%, Birləşmiş Ərəb Əmirliklərindən - 15,8%, Pakistandan - 6,3% artıb.

2022-ci ilin 7 ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5% artaraq, 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6% azalaraq, 185,4 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1%-i hava, 27,6%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti