Bakı. Trend:
Bu gün çox qürurlu və sevincliyik, öz doğma torpağımıza, Zəngilana qayıdırıq.
Bunu Trend-ə açıqlamasında Zəngilan sakini Gövhər Hüseynova deyib.
"Burada doğmalarımızın, yaxınlarımızın məzarlarını qoyub gedirik, amma torpaq da bizə doğmadır. O torpaqlarda da bizim əzizlərimizin ayaq izləri, analarımızın, atalarımızın alın təri var. Biz Mübarizlər, İzzətlər, Dövlət Cəbrayılzadələr kimi igidlər böyütmək, şəhidlərimizin ruhunu yaşatmaq üçün yenidən o torpaqlarda yaşamalıyıq", - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.