Bakı. Trend:
Beynəlxalq hüquq və sənədlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu təsdiqləyir, lakin Ermənistan bunu qəbul etmir.
Trend xəbər verir ki, bunu Şimali Karolina-Qrinsboro Universitetinin professoru Əli Əsgərov “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Ermənistan həm ədalət, həm də insan hüquqlarını pozub. Beynəlxalq ictimaiyyət hüquqlarımızı tanımalıdır. O torpaqlar bizimdir və Qərbi azərbaycanılılar öz dədə-baba torpaqlarına geri dönməlidir. Ermənistan iddia edir ki, azərbaycanlılar öz torpaqlarını könüllü şəkildə tərk edib. Həqiqət isə ondan ibarətdir ki, bizi oradan könüllü yox, zorla çıxarıblar”, - deyə o bildirib.
Qeyd edək ki, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə 30 ölkədən 100-dən çox qonaq iştirak edir.
Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.