Bakı. Trend:
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında bir azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qapının kilidlənməsi nəticəsində onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə tək qalan azyaşlının - 2020-ci il təvəllüdlü M.Abbasovun köməyə ehtiyacı yaranıb.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzilə pəncərədən daxil olub və azyaşlını xilas edərək yaxınlarına təhvil veriblər.