Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Abşeron rayonunda mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir. Keçirilən qəbulların məqsədi sakinləri narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların üzləşdikləri problemləri vaxtında aradan qaldırmaqdır.
Trend xəbər verir ki, görüşlərdə RİH başçısı Abdin Fərzəliyev,
hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri,
şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak
ediblər.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən
Müharibəsində qazanılan şanlı zəfərdən, qələbədən sonra bərpa
olunan kəndlərə, şəhərlərə əhalinin köçürülməsindən, şəhid və qazi
ailələrinə, Vətən Müharibəsi veteranlarına dövlət tərəfindən
göstərilən dəstəkdən ətraflı bəhs edən Abdin Fərzəliyev əhalinin
sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş
həcmli layihələrdən söz açıb. O cümlədən, Abşeron rayonunda görülən
işlər, həyata keçirilən infrastruktur layihələri barəsində ətraflı
məlumat verərək kənd və qəsəbələrinin mövcud problemlərinin həlli
istiqamətində müvafiq addımların atıldığını söyləyib.
Bildirilib ki, son üç ay ərzində Xırdalan şəhərində yerləşən Heydər
Əliyev adına Parkda cari təmir işləri aparılıb, yaşıllıq zonaları
bərpa edilib. Şəhərin Nəsibə Zeynalova küçəsində abad məhəllə
yaradılıb, burada həyətyanı sahə mişar daşı ilə əhatəyə alınıb,
aqlay daşı ilə üzlənib, tamet daşı döşənib, sakinlər üçün söhbətgah
və uşaqlar üçün idman qurğuları quraşdırılıb, gecə işıqlandırılması
üçün dirəklər quraşdırılıb, əraziyə oturacaq və məişət tullantıları
üçün konteynlər düzülüb. Xırdalan şəhərində 4 binanın ümumi sahəsi
5400 kv.m olan dam örtüyü yenilənib, 3 binanın giriş və pilləkən
qəfəslərində təmir-abadlıq işləri aparılıb. Mehdiabad qəsəbə
Parkında yerləşən Şəhidlər Xatirə Kompleksində əsaslı təmir işləri
aparılıb, Kompleksin, o cümlədn parkın bütün ərazisi gecə
işıqlandırılması ilə təmin edilib. Həmçinin, Ceyranbatan
qəsəbəsində yerləşən parkda cari təmir-abadlıq işləri aparılmış,
söhbətgah və oturacaqlar yenilənmiş, yaşıllıqlar artırılmışdır.
Abşeron rayonunun bütün kənd və qəsəbələrində məişət tullantıları
üçün xüsusi ərazilər ayrılıb, həmin yerlər mişar daşı ilə
əhatələnib, abadlaşdırılıb və yeni konteynerlərlə təmin olunub.
Masazır və Mehdiabad qəsəbəsinin bir neçə küçəsi kanalizasiya xətti
ilə təmin olunub. Rayon ərazisində avtomobil axınının tənzimlənməsi
məqsədi ilə sakinlərin müraciəti əsasında 5 yeni işıqfor və surət
ölçən radarlar quraşdırılıb. Yağış və qrunt sularının axıdılması
məqsədilə Saray və Qobu qəsəbəsində ümumi uzunluğu 450 metr olmaqla
yerüstü və yeraltı kanal çəkilib. Son 3 ayda rayon ərazisində
1000-dən çox həmişəyaşıl ağac əkilib. Ümumilikdə son bir neçə ay
ərzində rayon üzrə 14 küçə, ümumilikdə 16 kilometrə yaxın ərazi
asfaltlanıb, 27 küçə abdalaşdırılıb, müxtəlif materiallar tökülərək
yayılaraq sakinlərin istifadəsinə verilib.
Vurğulanıb ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında
ötən il Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 km
uzunluğunda olan 86 küçəyə gecə işıqlandırılması çəkilib. Cari ildə
isə 200 km uzunluğunda, ümumilikdə 233 küçənin gecə
işıqlandırılması ilə təmin olunması planlaşdırılıb.
O cümlədən bildirilib ki, Rayon İcra Hakimiyyəti tərəfindən
mütəxəssislərin də rəyi nəzərə alınmaqla, “Sahibsiz Heyvanlara
Qayğı Mərkəzi”nin layihəsi hazırlanıb. Layihədə sahibsiz
heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar,
həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o
cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi
imkanlarının yaradılması nəzərdə tutulub. Bütün bu işlərə paralel
olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla
tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi
müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq
sahəsinin sənədləşdirmə işləri həyata keçirilir.
Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər
yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq
tapşırıqlar verilib.