Bakı. Trend:
"Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin birinci yarısında yekunlaşacaq.
Trend xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” mövzusunda elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, artıq təmir işləri yekunlaşmaq üzrədir.
“Hazırda üzlük işləri görülür. İlin birinci yarısında işlərin yekunlaşması planlaşdırılır”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” elmi-praktiki konfransı keçirilib. Konfransda “Bakı Metropoliteni”nin keçdiyi inkişaf yolu və gələcək planlar barəsində məlumatlar verilib. Konfrans işini panel müzakirələrlə davam etdirib.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Bakı Metropoliteni” QSC Müşahidə Şurasının üzvü Samir Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, “Bakı Metropoliteni” QSC-nin İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov və digər rəsmi şəxslər iştirak ediblər.