...

Bakıda TÜRKPA-nın 13-cü Plenar iclası çərçivəsində parlament Baş katiblərinin görüşü keçirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 6 İyun 2024 10:08 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda TÜRKPA-nın 13-cü Plenar iclası çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə "TÜRKPA çərçivəsində parlamentlərin Aparat rəhbərləri arasında əməkdaşlığın perspektivləri" mövzusunda müzakirə keçirlir.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun, Qırğızıstan Respublikası Joqorku Keneşinin Aparat rəhbəri Alaybek Alimbayev, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Aparat rəhbiri Renat Aytayev və digər qonaqlar iştirak edir.

Görüşdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev Bakıda keçirilən TÜRKPA-nın 13-cü Plenar iclasının bu yeni reallıq yaranmış olduğu tarixi bir dövrə təsadüf etdiyini deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında ölkəmizin ərazisində aparılmış antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalından azad edərək tarixi Zəfərə imza atdı və beləliklə, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.

“Artıq beynəlxalq tədbirlər işğaldan azad olunmuş üçrəngli bayrağımızın dalğalandığı bütün ərazilərimizdə təşkil edilir. Vaxtı ikən işğalçılar tərəfindən viran qoyulmuş həmin ərazilərdə hazırda gedən tikinti-quruculuq və bərpa işlərinə hər kəs şahidlik edə bilir”, - deyə o bildirib.

Milli Məclis Aparat rəhbəri qeyd edib ki, bu gün TÜRKPA həm üzv və tərəfdaş dövlətlər, həm də onların hüdudlarından kənarda böyük nüfuza malikdir. “Dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq çərçivəsində qlobal parlament dialoqu təşviq edir, Parlament diplomatiyası institutunun inkişafında mühüm rol oynayır. Təsis olunduğu gündən etibarən plenar və komissiya iclasları da daxil olmaqla, təşkilatın təşəbbüsü ilə keçirilən çoxsaylı tədbirlər, qəbul olunmuş qərarlar, həyata keçirilən fəal parlament diplomatiyası və bütövlükdə əldə olunan nəticələr onu deməyə əsas verir ki, TÜRKPA nəinki türk dünyasında, həmçinin daha geniş anlamda müasir beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaqdadır. On üçüncü Plenar iclasın əsas mövzusu günümüzdə yaşanan çağdaş dünyanı və bəşəriyyəti narahat edən problemin həlli yollarının müzakirəsinə həsr edilib. Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolunu gücləndirmək üçün hamımızın həmrəy olması, müasir çağırışlara cavab vermək məqsədilə parlament diplomatiyasının və dialoqun imkanlarından daha fəal istifadə edilməsi zərurəti meydana gəlir.

Tədbirdə çıxış edən Qazaxıstan Respublikası Parlamenti Məclisinin Aparat rəhbəri Renat Aytayev, Qırğızıstan Respublikası Joqorku Keneşinin Aparat rəhbəri Alaybek Alimbayev, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun mövzu ətrafında fikirlərini bildiriblər. Parlamentlərarası təcrübə mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, bu istiqamətdə məlumat mübadiləsinin aparılması, müxtəlif sərgilərin təşkili, birgə idman yarışlarının keçirilməsi, eyni zamanda, mətbuat xidmətlərinin birgə fəaliyyəti olduqca vacibdir.

Diqqətə çatdırılıb ki, TÜRKPA çərçivəsində əsas perspektivlərin həyata keçirilməsi üçün əməkdaşlıq sahələri müəyyənləşdirilməlidir. Təcrübə mübadiləsinin həyata keçirilməsi üçün danışıqlar aparılmalı, nəticələr əldə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti