Bakı. Trend:
Fiziki fəallıq hamiləlik dövründə qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və ümumi sağlamlığa müsbət təsir edir. Təbiətdəki gəzintilər və günəş işığı ananın əhval-ruhiyyəsini yüksəldir, yuxunun keyfiyyətini artırır və depressiya riskini azaldır. Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Gülnaz Rəsulova deyib.
Trend G. Rəsulova ilə müsahibəni təqdim edir:
- Gülnaz xanım, yay aylarında havaların isti keçməsi hamilə qadınların sağlamlığına necə təsir edə bilər?
- Yay fəslinin gəlişi xüsusilə hamilə qadınlar üçün bir sıra
üstünlüklər gətirə bilər. Bu dövr artan günəş işığı ilə müşayiət
olunur. Bu da hamilələrin sağlamlığı və yaxşı əhval-ruhiyyəsinə
müsbət təsir edir. Hamiləlik müddətində qadınlar orqanizmlərində
baş verən dəyişiklikləri həyəcanla izləyir və hər bir müsbət halı
gələcək körpələri üçün yaxşı bir işarə kimi qəbul edirlər.
Günəş işığı D vitamini almağın təbii və ən yaxşı mənbəyidir. Hamilə
qadınlar üçün bu vitamin son dərəcə mühümdür. Havaların istiləşməsi
və günəşli günlərin artması ilə bədən daha çox D vitamini sintez
edir. Bu da gələcək ananın və doğulacaq körpənin sağlamlığına
müsbət təsirini göstərir.
Havaların istiləşməsi açıq havada gəzinti və ya yüngül idman
hərəkətləri ilə məşğul olmaq imkanı verir. Fiziki fəallıq hamiləlik
dövründə qan dövranını yaxşılaşdırır, əzələləri gücləndirir və
ümumi sağlamlığa müsbət təsir edir. Təbiətdəki gəzintilər və günəş
işığı ananın əhval-ruhiyyəsini yüksəldir, yuxunun keyfiyyətini
artırır və depressiya riskini azaldır.
- İsti havanın hamilələrə yaşatdığı narahatçılıqlar nədən ibarətdir?
- Havaların isti keçməsi hamilə qadınlara çoxsaylı müsbət
təsirlər göstərir. Lakin bu dövrün də öz spesifik riskləri var və
diqqətli olmaq hər zaman vacibdir. Belə ki, hamiləlik dövründə
hormon səviyyələrinin dəyişməsi və bədən funksiyalarının fərqli
işləməsi səbəbindən qadınlar ətraf mühitin fəsadlarına qarşı daha
həssas olurlar. Bu şəraitdə onların sağlamlığı və gündəlik həyat
keyfiyyəti müəyyən şəkildə təsirlənə bilər. İstilik və rütubət
səviyyələrinin artması hamilə qadınlar üçün bir sıra çətinliklər
yaradır.
Yüksək hava temperaturu artıq tərləməyə və orqanizmin su itkisi və
elektrolit balansının pozulması ilə nəticələnmə ehtimalı var. Bu,
ciddi hallarda susuzluğa və hətta ürək-damar problemlərinə yol aça
bilər. Hamilə qadının orqanizminin adi haldan daha çox suya
ehtiyacı olduğunu nəzərə alsaq, xüsusilə yay aylarında suyun
kifayət qədər qəbulu olduqca önəmlidir.
Eyni zamanda, günəş şüalarının dəridə yaratdığı zərər və
ultrabənövşəyi şüaların təsiri də unudulmamalıdır. Hamilə qadınlar
dərilərini qorumaq üçün uyğun günəş kremi istifadə etməli və mümkün
qədər günün qızmar saatlarında birbaşa günəş şüalarına məruz
qalmaqdan çəkinməlidir.
- Doktor, hamiləlik zamanı səyahət etmək mümkündürmü?
- Hamiləlik dövründə yay aylarında səyahət etmək maraqlı və
zövqlü ola bilər. Lakin bəzi vacib qaydalara əməl etmək
lazımdır.
İlk növbədə, həkiminizlə məsləhətləşməniz çox önəmlidir, çünki
həkim sizin səyahət planlarınız üçün ən yaxşı məsləhəti verəcəkdir.
Hamiləliyin müxtəlif həftələri fərqli risklər daşıyır. Ən
təhlükəsiz səyahət dövrləri adətən hamiləliyin ikinci trimestrinə,
yəni 14-28-ci həftələrə düşür. Bu dövr ümumiyyətlə qadının özünü
daha enerjili və rahat hiss etdiyi vaxtdır.
Səyahət edərkən rahat və geniş geyimlər geyinməyə üstünlük verin.
Bu, sizi həm istidən qoruyar, həm də bədəninizi rahat saxlayar.
Ayaqqabılarınızı da seçərkən diqqətli olun, rahat və dəstəkləyici
ayaqqabıları seçmək ayaq yorğunluğunu azaldar.
Səyahət zamanı hərəkət intervallarına diqqət etmək də çox vacibdir.
Uzun müddət oturmaq hamiləlik dövründə arzuolunmazdır. Hər saatdan
bir qısa gəzintilər qan dövranınızı stimullaşdırmağa kömək
edəcəkdir.
Hamiləlik dönəmi düzgün planlaşdırma və lazımi tədbirlər görərək,
səyahət etmənin tam mümkün olduğu bir dövrdür.
- Hamiləlik zamanı dənizdə və hovuzda üzmək təhlükəsizdirmi?
- Müasir tibbi araşdırmalara görə, hər hansı ciddi əks
göstərişlər olmadığı təqdirdə üzmək hamilə qadınlar üçün
faydalıdır. Üzmək həm də doğuş zamanı daha yaxşı fiziki hazırlıq və
dayanıqlıq təmin edə bilər.
Dənizdə üzüb-üzməmək məsələsində diqqət yetirilməli olan bir neçə
vacib məqam var. Dənizdə üzərkən, dalğalar diqqətdən kənar
qalmamalıdır. Güclü dalğalar yıxılma və ya yaralanma riskini
artırır. Çimərlikdə isə günəş kremlərindən istifadə etməyi
unutmayın, çünki hamiləlik müddətində dəri daha həssas olur.
Hovuzda üzmək, adətən, daha təhlükəsiz seçim olaraq qəbul edilir.
Hovuz suyu adətən təmiz və təkrar-təkrar filtrasiya olunur, bu isə
infeksiya riskini azaldır. Eyni zamanda, dalğaların olmadığı
mülayim mühit hamilə qadınlar üçün daha rahat və optimal
seçimdir.
Ümumiyyətlə, üzmək əzələlərin gücləndirməsi və stressdən qurtulmaq
üçün əla bir fəaliyyət növüdür. Lakin, hovuzların xlor səviyyəsi də
nəzərə alınmalıdır. Çox yüksək xlor səviyyələri dəridə qıcıqlanma,
gözlərdə yanma kimi problemlərə səbəb ola bilər. Buna görə də xlor
səviyyəsini mütləq yoxlamaq və nəzərə almaq vacibdir.
- Hamilə xanım istivurma və günvurma ilə qarşılaşarlarsa, bu zaman ilk yardım necə olmalıdır?
- İstivurma və günvurma bədən temperaturunun kəskin artması ilə
xarakterizə olunan ciddi patoloji vəziyyətlərdir. İstivurma xarici
temperaturun yüksəlməsi və adekvat maye qəbulunun olmaması
nəticəsində baş verir. Tipik əlamətlər arasında baş ağrısı, baş
gicəllənməsi, ürəkbulanma və halsızlıq yer alır.
Günvurma isə uzun müddət birbaşa günəş şüasına məruz qalmaqla
yaranır və bədənin özünü soyutma mexanizmlərinin pozulması, çox
yüksək qızdırmaya səbəb olur. Bu hal sərbəst istilik itkisi mümkün
olmadığı üçün bədən temperaturunun daha sürətlə qalxmasına gətirib
çıxarır və tez müdaxilə edilməsi məsləhətdir.
İlk yardım tədbirləri sırasında hamilə qadının sərin və kölgəli bir
yerə köçürülməsi, bədənin soyudulması üçün kompreslərin tətbiq
edilməsi, bol miqdarda su və elektrolitlə zəngin içkilərin
verilməsi mühüm önəm daşıyır. Günvurma halında isə, baş dərisinin
soyudulması və nəfəs almağın asanlaşması üçün sərin bir yerin
yaradılması, mümkünsə, ventilyasiyanın təmin edilməsi lazımdır. Hər
iki halda əlamətlər davam edərsə və ya kəskinləşərsə, dərhal tibbi
yardıma müraciət edilməlidir.
İstivurma və günvurma, xüsusilə hamilələr üçün ciddi risklər
yaradır. Bu vəziyyətlərin təsirindən qorunmaq və ya azaltmaq üçün
profilaktik tədbirlərin görülməsi vacibdir. Hər iki vəziyyətin
qarşısını almaq üçün kifayət qədər maye qəbulu, günəşdən qoruyucu
geyimlər və fiziki fəaliyyəti məhdudlaşdırmaq mühüm əhəmiyyət kəsb
edir. İlk yardım üsullarını bilmək, erkən müdaxiləni təmin etmək və
tibbi yardımı tez bir zamanda almaq bu vəziyyətlərdə önəmli rol
oynayır. Hamilələr üçün sağlam və təhlükəsiz bir mühitin təmin
edilməsi hər zaman ön planda olmalıdır.
- Son olaraq bilmək istərdik ki, yay aylarında hamilə qadınlar əsasən nəyə diqqət yetirməlidirlər?
- İsti yay günlərində hamilə qadınlar müəyyən çətinliklərlə
üzləşsələr də, düzgün yönləndirilmə ilə bu dövrün üstünlüklərindən
yararlana bilərlər. Günəşin ən intensiv olduğu saatlarda çölə
çıxmaq tövsiyə olunmur. Gündə 10-15 dəqiqə günəşdə olmaq
kifayətdir. Dərinizin zərər görməməsi üçün günəş kremlərindən
istifadə edin.
Havaların isinməsi ilə orqanizm daha çox maye itirir. Gün ərzində
ən az 8-10 stəkan su içmək tövsiyə olunur və mümkünsə, tərkibində
kofein və şəkər olan içkilərdən uzaq durun. Eyni zamanda, qidaların
müxtəlifliyinə diqqət yetirin ki, həm zülal, həm yağ, həm də
karbohidrat ehtiyaclarınızı qarşılaya biləsiniz. Toyuq, balıq, süd
məhsulları, dənli bitkilər və yaşıl yarpaqlı tərəvəzlərə
pəhrizinizdə yer verin. Təzə meyvə və tərəvəzlər vitamin və mineral
baxımından zəngindir. Yay aylarında bol olan qarpız, yemiş, albalı,
şaftalı kimi meyvələr həm susuzluğu yatırar, həm də vitamin
ehtiyaclarını qarşılayar.
Bundan əlavə, açıq havada gündəlik gəzintilər, yüngül idman
hərəkətləri və hamilə yoqası ilə məşğul olun. Bu, həm bədəniniz,
həm də psixoloji durumunuz üçün faydalıdır. Təbii materiallardan
hazırlanan, rahat və yüngül geyimlər seçin ki, bədəniniz rahat
nəfəs ala bilsin.
Hamiləlik dövrü qadının həyatında unudulmaz və əvəzsiz bir zaman
kəsiyidir. Müntəzəm müayinələr, sağlam həyat tərzi və balanslı
qidalanma ilə yay aylarında hamiləlik dövrünü asanlıqla və rahat
şəkildə keçirmək mümkündür.