Bakı. Trend:
Bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cəhd edilir. Bu halda inşa edilən ev özbaşına tikinti sayılır və həmin fərdi yaşayış evinin mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur.
Trend
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə
istinadən məlumat verir ki, fərdi yaşayış evinin tikintisi üçün
torpaq sahəsi alarkən həmin torpaq sahəsi üzrə hüquqların daşınmaz
əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi müəyyən
edilməlidir. Əgər torpaq sahəsi üzərində hüquqlar dövlət
reyestrində qeydiyyatdan keçməyibsə və hüquqlar daşınmaz əmlakın
dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə həmin torpaq
sahəsinin notarial qaydada alqı-satqısı mümkün deyil. Həmçinin,
torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına
və təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq
sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır.
Vətəndaşlar mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış
evinin tikintisinə başlamamışdan öncə tikiləcək fərdi yaşayış
evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı
bölmələrinin hazırlanmasını təmin etməlidir. Qeyd edək ki,
memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planını yalnız
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə
fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış
hüquqi və ya fiziki şəxslər həyata keçirə bilərlər.
Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən,
mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində
təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12
metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi
yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
həyata keçirilir. Belə ki, müvafiq tələblərə uyğunluğunun
yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin
memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri,
habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə
hüququnu təsdiq edən sənədin surəti yerli icra hakimiyyəti orqanına
təqdim olunur.
10 gün müddətində layihəyə dair irad təqdim edilmədikdə, tikinti
işlərinə başlanıla bilər.