Bakı. Trend:
Noyabrın 18-də Bakıda davam etməkdə olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun köməkçisi, Qlobal məsələlər və tərəfdaşlıq sektorunun rəhbəri cənab Edvard Kvakvanın rəhbərlik etdiyi nümayandə heyəti ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində işgüzar görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov qonaqları salamlayaraq “yaşıl” gələcəyin təmin olunmasında innovasiyaların aparıcı rolu və bu sahədə əqli mülkiyyətin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, ÜƏMT nümayəndələrinin uğurla davam edən COP29-da iştirakı bu beynəlxalq qurumunbelə qlobal tədbirə böyük diqqətinin göstəricisidir.
Agentliyin rəhbəri xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin COP29 iştirakçıları qarşısında etdiyi dərin məzmunlu çıxışlar əqli mülkiyyət yaradıcılarını da “yaşıl” gələcəyin qurulmasında fəal iştirak etməyə həvəsləndirir. O, bildirib ki, gələcəyimizin nə qədər “yaşıl” olacağı bizim hər birimizin iradəsindən, məsuliyyətindən, qəbul etdiyimiz qərarlardan asılı olacaq.
Kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyətinin “yaşıl” gələcək yaratmağa qadir olduğunu qeyd edən K.İmanov sözünə davam edərək deyib ki, Azərbaycanda “yaşıl patent”lərə dair iddia sənədlərinin ekspertizasının daha da sürətləndirilməsi barədə Agentliyin aidiyyəti struktur bölmələrinə və tabeliyindəki quruma müvafiq tapşırıqlar verilib. O, xüsusi olaraq Prezident İlham Əliyevin uzaqgörənliyi ilə əqli mülkiyyət sahəsində konseptual və institusional islahatlar aparıldığını və bu islahatlar çərçivəsində uğurlu və unikal idarəetmə modelinin yaradıldığını xüsusi olaraq diqqətə çatdırıb. Bildirib ki,ÜƏMT tərəfindən dünya üzrə 204 ofis arasından 15 ölkənin mükəmməl idarəetmə strukturuna və inzibatçılıq mexanizmlərinə malik olan əqli mülkiyyət ofisləri sırasına Azərbaycan Əqli Mülkiyyət Agentliyi də daxil edilib. Azərbaycan təcrübəsinə MDB məkanında böyük maraq göstərilir və bu istiqamətdə fəal iş aparılır.
İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sırasında Agentlikdə sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi və qeydiyyatı üçün iddia sənədlərinin qəbulu 24/7 rejimində fəaliyyət göstərən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. Bu barədə qonaqlara geniş məlumat verən K.İmanov bildirib ki, PƏNAH sistemi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və patentləşdirilməsi sahəsində göstərilən xidmətlərin keyfiyyətinin, habelə ixtira və patent fəallığının artmasına müsbət təsir göstərir. Məlumat verilib ki, bu sistem vasitəsi ilə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlığı, operativliyi və şəffaflığı təmin etmiş, əqli mülkiyyət üzrə göstərilən dövlət xidmətlərinin səmərəsini və səviyyəsini artırıb.
Azərbaycan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Sənaye Mülkiyyəti Obyektlərinin Açıq Reyestrlərinin yaradılması, MDB məkanında və Şərqi Avropa ölkələrində ilk dəfə 2003-cü ildə Azərbaycanda folklor nümunələrinin hüquqi qorunması haqqında qanunun qəbul edildiyi barədə də qonaqları məlumatlandırıb
ÜƏMT-nin Baş direktorunun köməkçisi, Qlobal məsələlər və tərəfdaşlıq sektorunun rəhbəri cənab Edvard Kvakva səmimi görüşə görə minnətdarlıq edərək, rəhbərlik etdiyi nümayəndə heyətinin COP29-da iştirakından son dərəcə məmnun qaldıqlarını bildirib. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyən ÜƏMT-nin nümayəndə heyətinin rəhbəri Azərbaycanın Ümumdünya Əqli Mülkiyyət Təşkilatının tədbirlərində fəal iştirakı, ÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının və Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasının rəhbərliyində təmsil edildiyi barədə məlumatlı olduğunu vurğulayıb. Azərbaycanın müəlliflik hüquqları və sənaye mülkiyyəti hüquqlarının bir çətir altında formalaşaraq vahid ofis kimi fəaliyyət göstərməsini isə uğurlu təcrübə kimi qiymətləndirmiş və öz növbəsində belə bir təcrübənin geniş yayılması barədə təşkilatın rəhbərliyi ilə öz fikirlərini bölüşəcəyini bildirib. O, həmçinin K. İmanovun “yaşıl patent”lərlə bağlı fikirlərini böyük maraqla qarşılamış və bu təcrübəyə hələ heç bir ölkədə rast gəlmədiyini deyib.
Cənab Kvakva Agentliyin strukturunda Əqli Mülkiyyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyət göstərməsini maraqla qarşılamış və rəhbərlik etdiyi bölmənin bu qurumla əməkdaşlıq edəcəyini bildirib.
Sonra o, “WIPO Green” platforması çərçivəsində COP29-da təqdim olunacaq “Yaşıl Texnologiya Kitabı”nın yeni nəşrini Kamran İmanova təqdim edib. Kitabda enerji texnologiyalarına xüsusi diqqət yetirilib.
Cənab Kvakva Azərbaycanda keçirilən COP29-la bağlı yüksək təşkilatçılığı və peşəkarlığı, həm də əqli mülkiyyət sahəsinə aid mövcud görüşdən böyük məmnunluğunu dilə gətirərək ÜƏMT-nin Baş direktorunun Bakıya nəzərdə tutulan səfərinin tezləşdirməsini məsləhət görəcəyini deyib.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və əqli mülkiyyətin inkişafı sahəsində digər məsələlər də müzakirə olunub.
Nümayəndə heyətinin üzvü, ÜƏMT-nin Xarici əlaqələr şöbəsinin məsləhətçisi cənab Ryszard Frelek görüşdə iştirak edib.