Bakı.Trend:
Ölkəmizdə hazırda 628 hakim fəaliyyət göstərir.
Trend xəbər verir ki, bunu bu gün Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.
O qeyd edib ki, hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırıb.
"Görülmüş tədbirlər nəticəsində ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat almışdır ki, bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan vermişdir. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir. Namizədlərin təyinat yerini topladıqları bala uyğun özlərinin seçmələri isə bu sahədə şəffaflığın və obyektivliyin, eləcə də ictimai inamın artırılmasında mühüm rol oynamışdır. Bu istiqamətdə aparılmış işlər yuxarı instansiya məhkəmələrində mövcud vakansiyaların peşəkar kadrlarla komplektləşdirilməsinə də imkan vermişdir ki, bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib", - sədr əlavə edib.
O qeyd edib ki, hakimlərin vəzifədə irəli çəkilməsi, iş yerinin dəyişdirilməsi, yaxud tutduğu vəzifədən azad olunmasının obyektiv və şəffaf meyarlara əsasən həyata keçirilməsi, habelə onların tədris ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə ötən il bütün instansiya məhkəmələri hakimlərinin təmsil olunduğu Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb. Onu da qeyd edim ki, hakimlərimizin məhkəmə daxili ixtisaslaşmalarının dəyişdirilməsi kimi həssas məsələ də, hakimin fikrinin öyrənilməsi şərti ilə artıq müstəqil Komitənin səlahiyyət dairəsinə daxil edilmişdir.
Qeyd edək ki, bu gün bakıda Azərbaycan Hakimlərinin ilk Forumu keçirilir.