Bakı. Trend:
2017-ci ildə vəkil korpusunda xanım vəkillərin sayı 15% təşkil etdiyi təqdirdə, hal hazırda bu rəqəm 20%-ə yaxındır.
Trend xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb.
“Cəmiyyətin özəyi olan ailənin ən həssas üzvlərindən olan uşaqlar və onların hüquqlarının müdafiəsi də Konstitusiyamızın prioritetlərdən biridir. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu və ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların hüquqlarının qorunmasını təmin edən əsas hüquqi çərçivələrdir. Bu sənədlər uşaqların sağlam böyüməsi, təhsil alması, zorakılıq və istismardan qorunması üçün zəruri hüquqi mexanizmləri müəyyənləşdirir”, - deyə A.Bağırov əlavə edib.