...

Gənc İstedadlar Proqramının iştirakçılarının SOCAR-da təcrübəyə başlamaları münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2025 16:54 (UTC +04:00)
Gənc İstedadlar Proqramının iştirakçılarının SOCAR-da təcrübəyə başlamaları münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Gənc İstedadlar Proqramının (GİP) iştirakçılarının SOCAR-da təcrübəyə başlamaları münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, tədbirdə əvvəlcə “Gənc istedadlar” proqramının məzunlarının təəssüratlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun çıxışları dinlənilib.

Çıxışlarda SOCAR-da gənclər üçün yaradılmış imkanlar barədə məlumat verilib. Bu xüsusda, GİP-in 2022-ci ildən etibarən SOCAR-ın tələbə və məzunlar üçün həyata keçirdiyi unikal layihələrdən biri olduğu bildirilib. Proqramın istedadlı gəncləri SOCAR-a cəlb etmək, onların inkişafını səmərəli təşkil etmək, real iş mühitində müxtəlif öyrənmə metodlarından istifadə edərək səriştələrini inkişaf etdirmək və şirkətin işəgötürən brendini gücləndirmək məqsədi daşıdığı qeyd edilib.

Bu günə qədər 175 məzunun proqramı yüksək göstəricilərlə tamamlayaraq, SOCAR-ın müəssisələrində müvafiq işlə təmin olunduğu diqqətə çatdırılıb. Hər il proqramın ən uğurlu məzunları arasından seçilmiş qaliblərin “SOCAR Türkiyə” şirkətində işlə təmin olunduqları vurğulanıb. 2022-ci ildən indiyə qədər qaliblərdən 6 nəfərin “SOCAR Türkiyə” şirkətində işlə təmin edildiyi bildirilib. Ölkəmizin müxtəlif ali təhsil müəssisələri ilə yanaşı, BANM tələbələrinin də proqramdan faydalandığı diqqətə çatdırılıb.

GİP-in ötən il qalibi olmuş və hazırda SOCAR-ın müxtəlif müəssisələrində çalışan gənclər çıxış edərək proqramın faydalarından və layihənin onların karyerasında oynadığı önəmli roldan bəhs ediblər.

Tədbirdə əvvəlki illərin ən uğurlu mentorları proqramla bağlı təəssüratlarını bölüşərək iştirakçılara təcrübədə olacaqları 5 ay müddətindən səmərəli istifadə etmələrini tövsiyə ediblər.

Daha sonra ən uğurlu 4 mentora “2024-cü ilin ən uğurlu mentoru” mükafatları təqdim edilib.

Qeyd edək ki, 2025-ci il üzrə Proqramın təşkili üçün SOCAR-ın strukturuna daxil olan müəssisələrdən və SOCAR-ın törəmə müəssisələrindən müvafiq kvotalar əldə edilib və ona uyğun olaraq, müvafiq ixtisaslar üzrə cəlbetmə və seçim prosesi təşkil olunub. Seçim mərhələlərinə ümumilikdə 2809 nəfər cəlb edilib, bütün seçim mərhələlərini uğurla başa vurmuş 133 nəfər proqramda iştirak etmək hüququ əldə edib. Proqrama seçilmiş gənc istedadlar ölkə üzrə 14 ali təhsil müəssisəsini təmsil edir. Xüsusi olaraq vurğulamaq istərdik ki, SOCAR-ın müxtəliflik və inklüzivlik siyasətinə uyğun olaraq proqrama seçilən 133 nəfərdən 73 nəfəri (55%) gənc xanımlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti