Bakı. Trend:
Azərbaycan qadınların əmək fəaliyyətinə bərabər çıxışının təmin olunması istiqamətində əhəmiyyətli addım atıb.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının “Women, Business and the Law” (“Qadınlar, biznes və qanunvericilik”) adlı layihəsinin təqdimatında deyilib.
Layihənin təqdimatında özəl sektorun inkişafı üzrə baş mütəxəssis Culiya Braunmiller bildirib ki, əvvəllər qanunvericilik qadınların 674 peşə üzrə işləməsini qadağan edirdi. Bu peşələrə qatar maşinistləri, avtobus sürücüləri və köməkçi işçilər də daxil idi. Lakin “Qadınlar, Biznes və Qanunvericilik” təşəbbüsü çərçivəsində həyata keçirilmiş hüquqi islahatlar nəticəsində bu maneələr aradan qaldırılıb.
Braunmiller buna misal kimi “Azərbaycan Dəmir Yolları”nda ilk qadın maşinist olan Samirənin ilhamverici hekayəsini göstərib.
“Onun 26 yaşı var, peşə məktəbini bitirib və bu gün bu peşə ilə ailəsini dolandırır. Samirə uşaqlıqdan maşinist olmağı arzulayıb və bu arzusunu gerçəkləşdirə bildiyinə görə sevinc və qürur hissi yaşayır. Əgər bu hüquqi islahatlar həyata keçirilməsəydi, bu arzu onun üçün əlçatmaz olaraq qalacaqdı. Bu cür islahatlar bir daha sübut edir ki, səyləri birləşdirməklə qadınların potensialını tam açmaq və onlara kişilərlə bərabər əmək şəraiti yaratmaq mümkündür”, - deyə o vurğulayıb.