Bakı. Trend:
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Oksana Abbasova nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Oksana xanım, ilk öncə anemiya haqqında məlumat verərdiniz…
- Anemiya qan azlığı kimi tanınan bir vəziyyətdir və qanda
kifayət qədər sağlam qırmızı qan hüceyrələrinin və ya hemoglobinin
olmaması ilə xarakterizə edilir. Anemiyanın profilaktikası üçün
düzgün qidalanma çox vacibdir. Bunun üçün əsas məqsəd orqanizmi
lazımi qida maddələri ilə təmin etməkdir ki, qırmızı qan
hüceyrələrinin istehsalı normal olsun.
Anemiya növləri və əsas səbəbləri kimi dəmir çatışmazlığı
anemiyasını, B12 vitamini çatışmazlığı anemiyasını və fol turşusu
çatışmazlığı anemiyasını deyə bilərik. Dəmir çatışmazlığı anemiyası
– qidalanmada dəmir çatışmazlığı və ya dəmirin zəif mənimsənilməsi
nəticəsində yaranır. B12 vitamini çatışmazlığı anemiyası daha çox
heyvan mənşəli qida qəbul etməyən insanlarda rast gəlinir. Fol
turşusu qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir və onun
çatışmazlığı anemiyaya səbəb ola bilər.
- Profilaktik qidalanma prinsipləri hansılardır?
- Anemiyaya qarşı profilaktik qidalanma prinsipləri dedikdə,
ağlımıza ilk olaraq dəmirlə zəngin qidalar gəlir. Dəmir, qırmızı
qan hüceyrələrində oksigen daşıyan hemoglobinin əsas komponentidir.
İki növ dəmir var: Heme dəmir və non-heme dəmir. Heme dəmir əsasən
heyvan mənşəli qidalarda olur və orqanizm tərəfindən daha yaxşı
mənimsənilir. Non-heme dəmir bitki mənşəli qidalarda olur və
mənimsənilməsi daha çətindir.
Heme dəmir mənbələri kimi mal əti, quzu əti, qoyun əti, toyuq və
hinduşka əti, balıq növləri (somon, sardina, ton balığı), ciyər
(mal və quş ciyəri) və digər daxili orqanları misal olaraq
göstərmək olar. Non-heme dəmir mənbələri kimi yaşıl yarpaqlı
tərəvəzləri (ispanaq, pazı, kələm, brokoli), paxlalılar (mərcimək,
noxud, lobya), tam taxılları (yulaf, buğda, darı),quru meyvələri
(qaysı, kişmiş, gavalı qurusu), çərəzləri (badam, fındıq, balqabaq
və günəbaxan tumu) misal gətirmək olar.
Vacib məqam kimi qeyd edim ki, non-heme dəmirin mənimsənilməsini
artırmaq üçün bu qidalar C vitamini ilə birlikdə qəbul
edilməlidir.
C vitamini dəmirin bağırsaqdan sorulmasını artırır və onun
orqanizmdə daha yaxşı mənimsənilməsinə kömək edir. C vitamini ilə
zəngin qidalara portağal, limon, kivi, çiyələk, quşüzümü,
böyürtkən, pomidor, bolqar bibəri, ispanaq, brokoli, kələm, gül
kələmi kimi bitkilərdir.
Həmçinin, B12 vitaminini xüsusi qeyd etmək lazımdır. B12 vitamini
qırmızı qan hüceyrələrinin istehsalı üçün həyati əhəmiyyət daşıyır.
Bu vitamin yalnız heyvan mənşəli qidalarda olur. Buna görə də,
vegetarian və veqanlar əlavə B12 qəbul etməlidirlər. B12 mənbələri
kimi mal əti, qoyun əti, balıq (somon, skumbriya, sardina), süd və
süd məhsulları (qatıq, pendir, süd), yumurtanı demək olar.
Bunlarla yanaşı, DNT sintezində və qırmızı qan hüceyrələrinin
formalaşmasında fol turşusunun xüsusi iştirakını qeyd etmək
lazımdır. Fol turşusu ilə zəngin qidalara yaşıl yarpaqlı tərəvəzlər
(ispanaq, pazı, kələm), portağal, naringi və digər sitrus
meyvələri, avokado, baklagillər (mərcimək, noxud, lobya), tam
taxılları misal çəkmək olar.
- Doktor, qidalar haqqında başqa hansı tövsiyələri verə bilərsiniz?
- Anemiyalı xəstələr çay və qəhvədən imtina etməli və ya az
qəbul etməlidirlər. Bu yüksək miqdarda taninlər və polifenollar
ehtiva edir. Bu dəmirin mənimsənilməsini azaldır. Yeməklərdən
dərhal sonra çay və qəhvə içməkdən çəkinmək lazımdır.
Dəmirin mənimsənilməsini kalsium da zəiflədə bilər. Buna görə də,
süd və süd məhsullarını dəmir mənbəyi olan qidalardan ayrı qəbul
etmək tövsiyə olunur.
Dəmir çatışmazlığı riski olan insanlar (hamilələr, yeniyetmələr,
menstruasiya dövründə olan qadınlar) həkim məsləhəti ilə dəmir
əlavələri qəbul edə bilərlər. Əlavələrlə birlikdə C vitamini qəbul
etmək daha təsirli olur.
Ümumiyyətlə, dəmir, fol turşusu və B12 ilə zəngin qidaların
balanslı şəkildə qəbulu qırmızı qan hüceyrələrinin normal səviyyədə
qalmasını təmin edir və anemiyanın yaranmasının qarşısını alır.
- Anemiya növləri üçün hansı pəhriz nümunəsi məsləhət görərdiniz?
- Anemiya növləri üçün pəhriz nümunəsi olaraq səhər yeməyində
yumurta (qayğanaq və ya suda bişmiş), tam buğda çörəyi ilə
hazırlanmış sendviç, bir stəkan təzə sıxılmış portağal suyu yemək
olar.Nahar yeməyində qırmızı ət (qızardılmış və ya qaynadılmış),
yaşıl salat (pomidor, ispanaq, limon suyu ilə), mərci şorbası, bir
dilim tam buğda çörəyi yemək məsləhətdir. Axşam yeməyində isə toyuq
və ya balıq, brokoli və gül kələmi ilə hazırlanmış tərəvəz
qarışığı, qəhvəyi düyü və ya kinoa, bir stəkan qatıq yemek
lazımdır. Ara yeməklərdə quru meyvələr (qaysı, kişmiş), fındıq,
badam, meyvə (alma, armud və s) tövsiyə olunur.
Sonda qeyd etmək istərdim ki, düzgün qidalanma və sağlam həyat
tərzi anemiyanın qarşısını almaqda əsas rol oynayır. Dəmir, fol
turşusu və B12 vitamini ilə zəngin qidaların balanslı şəkildə qəbul
edilməsi ilə qan dəyərlərini normada saxlamaq mümkündür. Ehtiyac
olarsa, həkim məsləhəti ilə əlavələr qəbul edilə bilər.