Kəlbəcər.Trend:
“Bildiyiniz kimi, işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də bütün işlər “Böyük Qayıdış”a dair Birinci Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Dövlət başçısının Kəlbəcərə səfəri zamanı bir sıra mühüm obyektlərin təməli qoyuldu, açılışlar həyata keçirildi. Hazırda üzərində dayandığımız bu ərazi – birinci yaşayış məhəlləsi adlanır. Burada kəlbəcərlilərə – ata-baba yurduna qayıdan sakinlərimizə yeni mənzillərin açarları təqdim edildi.
Trend xəbər verir ki, bunu Kəlbəcər rayonu Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidməti şöbəsinin müdiri Nuranə Babayeva deyib.
O bildirib ki, birinci yaşayış məhəlləsi 7–8 hektar ərazini əhatə edir. Burada yaşayış binaları ilə yanaşı, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün söhbətgahlar, uşaqlar üçün oyun meydançaları, həmçinin idman qurğuları və digər infrastruktur yaradılıb. İlk mərhələdə 20 ailəyə mənzillərin açarları təqdim olunub:
"Ümumilikdə isə birinci yaşayış məhəlləsinin birinci mərhələsi 201 mənzildən ibarət olacaq. Burada 2, 3 və 4 otaqlı mənzillər nəzərdə tutulub. Eyni zamanda, çox yaxın məsafədə yerləşən üçüncü və dördüncü yaşayış məhəllələrinin də təməli qoyulub. Bu məhəllələrdə də çoxmənzilli binalar inşa ediləcək. Dördüncü yaşayış məhəlləsi isə miqyasına görə ən böyük yaşayış massivlərindən biri olacaq".
"Dövlət başçısının iştirakı ilə, həmçinin, təxminən 11 hektar ərazini əhatə edən, unikal layihəyə malik Kəlbəcər Şəhər Parkının da təməli qoyulub. Bu park gələcəkdə həm sakinlərin, həm də qonaqların istirahəti üçün gözəl bir məkana çevriləcək.-N.Babayeva deyib.