Bakı. Trend:
2000-ci illərin əvvəlində Qərb analitiklərinin dilində yaranmış “String of Pearls” - “Mirvari boyunbağı” anlayışı əslində sadəcə poetik məcaz deyil. Çin Hind okeanının əsas kommunikasiya arteriyaları boyunca özünün hərbi-dəniz və liman infrastrukturu şəbəkəsini qurmaqla məşğuldur. Bu limanlar kağız üzərində kommersiya mərkəzləri görünsə də, reallıqda ikili təyinatlı obyektlərdir - həm ticarət, həm də hərbi-logistik dayaqlar.
Çin donanmasının yeni üfüqləri
Çinin rəsmi müdafiə sənədlərində - 2015 və 2019-cu illərin “Ağ kitab”larında - açıq şəkildə vurğulanır: enerji marşrutlarının təhlükəsizliyi və xaricdəki maraqların qorunması strateji vəzifədir. Bu tezis praktik addımlarla təsdiqlənib. 2017-ci ildə Cibutidə açılan hərbi baza ilə Çin ilk dəfə tarixində sərhədlərindən kənarda tamformatlı hərbi obyekt qurdu. SIPRI-nin hesablamasına görə, baza 2000 hərbçi üçün nəzərdə tutulub, esmines, desant gəmiləri və hətta aviadaşıyıcıları qəbul etmək imkanına sahibdir. Əsas missiyası isə Bab-əl-Məndəb boğazına nəzarətdir. Bu boğazdan dünya dəniz ticarətinin 10 faizi, Avropaya gedən neftin isə 40 faizi keçir.
Enerji damarı və Malakka problemi
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2023-cü ildə Çin gündəlik 11,3 milyon barel neft idxal edib. Bu həcmdən 72 faizi dəniz yolu ilə, 60 faizdən çoxu isə Malakka boğazından keçib. Malakka - qlobal enerji axınının “boğazı”dır və hərbi blokada ehtimalı Pekinin ən zəif yeridir. Məhz buna görə Çin riskləri azaltmaq üçün Hind okeanı boyunca “Mirvari boyunbağı”nın həlqələrini düzməyə başlayıb.
Əsas liman həlqələri
– Qvadar (Pakistan) - Çin şirkəti tərəfindən idarə olunur, Hörmüz
boğazına cəmi 70 km məsafədə yerləşir. Buradan dünya neft ixracının
20 faizi keçir. Qvadar Çin–Pakistan İqtisadi Dəhlizinə (CPEC) daxil
edilib, investisiya həcmi 60 milyard dolları ötüb.
– Hambantota (Şri-Lanka) - 2017-ci ildə Çin 99 illik icarəyə
götürdü. Yük dövriyyəsi zəif olsa da, Hind okeanına nəzarət
baxımından strateji aralıq nöqtədir.
– Çittaqonq (Banqladeş) və Kyaukpyu (Myanma) - Çinə Benqal
körfəzinə çıxış verir, Malakkanı yan keçərək alternativ neft-qaz
marşrutları yaradır.
“İkili təyinat” prinsipi
Rəsmi Pekin bu layihələri yalnız kommersiya kimi təqdim edir. Amma
RAND Corporation və CSIS kimi Qərb mərkəzlərinin hesabatları
göstərir ki, hər limanda hərbi istifadəyə yararlı infrastruktur
var: uzadılmış bərmələr, təmir dokları, yanacaq anbarları, hərbi
standartlara uyğun təhlükəsizlik sistemləri. 2022-ci ildə
Hambantota yaxınlığında Çin sualtı qayıqlarının peyk şəkilləri
yayıldı. Bu, Hindistanda ciddi narahatlıq doğurdu. Yeni Dehli
Pekinin bu addımlarını “strateji mühasirə” kimi dəyərləndirir və
ABŞ, Yaponiya ilə dəniz əməkdaşlığını gücləndirir.
Hindistan faktoru və regiondakı balans
“Mirvari boyunbağı” Hindistan üçün sadəcə strateji deyil, həm də
ekzistensial təhlükədir. Hindistanın xarici ticarətinin 95 faizi
dənizlə, onun da 70 faizi Çinin təsir dairəsinə düşən akvatoriya
ilə həyata keçirilir. Buna cavab olaraq Yeni Dehli liman
layihələrinə və dəniz gücünə sərmayəni artırır. İranın Çabahar
limanı məhz Qvadarın “rəqibi” kimi nəzərdə tutulur.
Afrika həlqəsi
“Mirvari boyunbağı”nın mühüm hissəsi Afrikadır. Cibutidən başqa Çin
Keniyada (Lamu), Tanzaniyada (Bagamoyo) və Mozambikdə limanlara
milyardlarla sərmayə yatırır. Afrika İnkişaf Bankının məlumatına
görə, 2010–2024-cü illərdə Çinin qitədəki liman layihələrinə
yatırımı 20 milyard dolları keçib.
Qlobal mənzərə
Beləliklə, “Mirvari boyunbağı” təkcə Hind okeanı hövzəsi deyil,
bütün Avrasiya üçün geosiyasi reallıqdır. Çin strateqlərinin dili
ilə desək, bu, “XXI əsrin Dəniz İpək Yolu”dur - enerji, ticarət və
hərbi gücün birləşdiyi qlobal dəniz şəbəkəsi.
“Mirvari boyunbağı” strategiyasının çoxölçülülüyü
Müasir İpək Yolunun dəniz ssenarisi
“Mirvari boyunbağı” konsepsiyası Çinin “XXI əsr Dəniz İpək Yolu”
ilə birləşdirilərək çoxqatlı, mürəkkəb sistemə çevrilib. Burada hər
qat - iqtisadi, hərbi-strateji, logistika, texnologiya, hətta
mədəni-sivilizasion ölçü - bütöv bir qlobal ekspansiya
arxitekturasının elementidir.
Əsas dayaq portlardır. 2020-ci ilə qədər Çin dünyanın 62 limanının tikintisində və ya modernləşdirilməsində iştirak edirdi və onların böyük hissəsi Hind okeanının sahillərində yerləşirdi. Amma Pekin yalnız Asiya ilə kifayətlənməyib. Avropada da kritik limanlara çıxış əldə edib. Yunanıstanda Pirey limanının 67 faiz səhm paketini ələ keçirməklə Çin Avropaya “dəniz körpüsü” açıb və TEN-T dəhlizlərinə daxil olub. Eyni zamanda Vado-Liqurə (İtaliya), Bilbaoya (İspaniya) nəzarət və Antverpen, Rotterdam, Hamburq kimi Şimal dənizi hablarında mövqelərini gücləndirib.
Beləliklə, Çin sadəcə logistika şəbəkəsi yox, həm də qlobal ticarət sisteminə diktə edə biləcək geoiqtisadi nəzarət infrastrukturu formalaşdırır. Və hər limanın “dual-use” - ikili təyinatlı statusu var: həm kommersiya mərkəzi, həm də potensial hərbi baza.
“Borc diplomatiyası”nın klassik dərsi
Bunun ən məşhur nümunəsi Şri-Lankadakı Hambantota limanıdır. 1,4
milyard dollarlıq layihə Çin kreditləri hesabına maliyyələşdirildi.
Amma Kolombo öhdəliklərini yerinə yetirə bilməyəndə liman 99 illik
icarəyə Çin şirkətinə keçdi. Bu, beynəlxalq mediada “borc
diplomatiyası” adlandırıldı - yəni iqtisadi alətlərin strateji
təsir rıçağına çevrilməsi. Eyni sxem Afrikada və Latın Amerikasında
da müşahidə olunur: investisiya gedir, amma paralel olaraq yerli
elitalar üzərində siyasi nəzarət güclənir.
“Mirvari boyunbağı”nın militarizasiyası və “Malakka
dilemması”
Rəsmi Pekin hələlik yalnız bir xarici hərbi bazasının (Cibuti)
olduğunu deyir. Amma faktiki reallıq başqadır: Çin Xalq Azadlıq
Ordusu Donanması mütəmadi olaraq bu limanlardan yanacaq doldurma,
texniki xidmət və ekipaj rotasiyası üçün istifadə edir. Analitiklər
buradakı radiotexniki kəşfiyyat imkanlarına da diqqət çəkirlər. Bu
isə “kölgə militarizasiyası” deməkdir.
Tarixdə buna bənzər praktikanı Britaniya Şərqi Hindistan şirkəti yürütmüşdü. XVII–XIX əsrlərdə qurulan faktoriyalar əvvəlcə ticarət üçün nəzərdə tutulmuşdu, amma sonra hərbi dayaqlara çevrilərək Londonun imperiya qurmasına xidmət etdi. XXI əsrdə Çin qlobal maliyyə və texnoloji alətlərlə eyni oyunu oynayır.
Çin strategiyasının ən zəif yeri Malakka boğazıdır. Buradan qlobal yüklərin 25 faizi keçir, Çinin neft və LNG idxalının 60 faizi də bu marşruta bağlıdır. Boğazın ən dar nöqtəsi 3 km-dən də azdır. Hər hansı blokada - hərbi, terror, hətta təbii fəlakət - Çin iqtisadiyyatını iflic edə bilər. Bu səbəbdən Malakka Çinin “axilles dabanı” sayılır.
ABŞ-ın 7-ci donanmasının bölgədə mövcudluğu və QUAD müttəfiqləri Pekinə əlavə təzyiq yaradır. Vaşinqton dəfələrlə “naviqasiyanın azadlığı” əməliyyatlarına (FONOPS) hazır olduğunu bəyan edib. Pekin isə bunu açıq-aşkar təhdid kimi qəbul edir.
Alternativ marşrutların axtarışı
Çin “Malakka dilemmasını” neytrallaşdırmaq üçün yeni yollar
axtarır:
– Quru dəhlizləri: Çin–Pakistan İqtisadi Dəhlizi ilə Qvadar
limanına, həmçinin Myanma üzərindən Kyaukpyu limanına çıxış.
– İran variantı: Orta Asiya vasitəsilə Bəndər-Abbas limanına çıxış
müzakirə olunur, bu isə Çinə birbaşa Fars körfəzinə yol açar.
– Tayland layihəsi: Kra boğazı üzərində kanal (və ya “landbridge”
quru körpüsü) ideyası gündəmdədir. Bu marşrutu 1200 km qısaldar və
Malakkanı yan keçməyə imkan verər.
Gizli bazaların gerçək siması
Strateji xəritədə ən maraqlı obyektlərdən biri Kambocadakı Ream
limanıdır. Burada tikilən quru dok və dərinlikli bərmələr
Kambocanın hərbi imkanlarından qat-qat böyükdür. Bu isə açıq
şəkildə göstərir: əsl benefisiar Çin Donanmasıdır. Ream Cənubi Çin
dənizindən Malakkaya çıxış yolunu nəzarətdə saxlamağa imkan verir.
CSIS, RAND, IISS kimi Qərb beyin mərkəzləri buranı “de-fakto Çin
hərbi bazası” adlandırır.
Konseptual əsaslar və strateji kontekst
“Bir kəmər - bir yol”un dəniz sütunu
“Mirvari boyunbağı” əslində Çinin “Bir kəmər - bir yol”
təşəbbüsünün dəniz seqmentidir. Burada üstünlük şübhəsiz dəniz
daşımalarının payına düşür. Çinin xarici ticarət dövriyyəsinin 90
faizdən çoxu məhz dəniz yolu ilə həyata keçirilir. Dəmir yolu və
avtomobil dəhlizləri cəmi 8 faizi, aviasiya isə 2 faizdən də azını
təmin edir.
2022-ci ildən sonra Rusiya üzərindən keçən “Şimal marşrutu” faktiki olaraq sıradan çıxıb, Cənubi Qafqaz və Mərkəzi Asiya üzərindən “Orta dəhliz” isə imkan baxımından məhduddur. Bu şəraitdə Çin üçün yeganə real dayağa çevrilən dəniz marşrutları milli logistikanın əsas sütunu olub. “Mirvari boyunbağı” - formal olaraq kommersiya layihələri görünsə də - Pekinin milli təhlükəsizlik sistemində institusionallaşdırılmış dəniz memarlığıdır.
2022 sonrası logistika mənzərəsi: yeni reallıqlar
Ukrayna müharibəsi və Rusiyaya tətbiq olunan sanksiyalar
Avrasiyanın geoiqtisadi mənzərəsini dəyişdi. Əgər 2010-cu illərdə
Çin Rusiya üzərindən quru marşrutlarından maksimum istifadə
edirdisə, 2022-dən sonra həmin arteriyaların əhəmiyyəti minimuma
düşdü.
Məsələ artıq Çinin enerji təhlükəsizliyi müstəvisindədir. IEA-nın məlumatına görə, 2024-cü ildə ölkənin neft idxalının 72 faizi, LNG-nin isə 60 faizdən çoxu dənizlə gəlir. Əsas mənbələr - Fars körfəzi və Afrika. Üstəlik, Çinin idxal etdiyi kömürün yarıdan çoxunu Avstraliya və İndoneziya təmin edir və bu da yenə dəniz yolu ilə daşınır. Bu marşrutlarda hər hansı pozuntu Çin iqtisadiyyatını, ardınca isə daxili siyasi sabitliyi silkələyə bilər.
Port ekspansiyası: sərmayə, nəzarət, ikili təyinat
2025-ci ilə qədər Çin 95-dən çox limana nəzarət edir və ya onların
idarə olunmasında iştirak edir. Onlardan 70-dən çoxu Hind okeanı
hövzəsindədir. Ən önəmliləri:
– Pirey (Yunanıstan): COSCO şirkəti vasitəsilə 67 faiz səhm paketi
- Çinin Avropaya “dəniz qapısı”.
– Port-Sudan (Sudan): dərin sularda yerləşən və Çin hərbi
gəmilərinə uyğunlaşdırılmış obyekt.
– Cibuti: Pekinin ilk rəsmi xarici hərbi bazası; aviadaşıyıcı və
atom sualtı qayıqlar üçün nəzərdə tutulub, radiotexniki müharibə
sistemləri ilə təchiz olunub.
– Qvadar (Pakistan): Çin–Pakistan İqtisadi Dəhlizinin əsas düyünü;
Hörmüz boğazına giriş üzərində nəzarət verir.
– Hambantota (Şri-Lanka): “debt-to-equity swap” sxemi ilə Çin
şirkətinə 99 illik icarəyə verilib, Hindistanın cənub qapılarını
Pekinin nəzarətinə keçirib.
– Ream (Kamboca): Type-055 esmineslərini qəbul edə biləcək şəkildə
modernləşdirilib, faktiki olaraq Çin donanmasının infrastrukturuna
inteqrasiya olunub.
Bütün bu limanlarda dual-use infrastructure - yəni kommersiya ilə yanaşı hərbi təyinat üçün də uyğun infrastruktur mövcuddur. Bu yanaşma Çinin strateji leksikonunda “strateji gizlənmə” (战略蛰伏, zhànlüè zhéfú) adı ilə təsbit olunub: iqtisadi inkişaf adı altında hərbi dayaqlar qurulur.
“Malakka dilemması”: Pekinin axilles dabanı
Çin strateji lüğətində artıq sabitləşmiş anlayış var - “Malakka
dilemması”. Söhbət Çinin dar, riskli və siyasi-hərbi təsirlərə açıq
Malakka boğazından kritik asılılığından gedir. Buradan dünya dəniz
ticarətinin təxminən 25 faizi, Çinin idxal etdiyi neftin isə 80
faizi keçir.
Bu, Pekini həm ABŞ və QUAD müttəfiqlərinin təzyiqlərinə, həm də regiondakı siyasi-texnogen risklərə həssas edir.
Risklərin diversifikasiyası: Çinin yeni istiqamətləri
– Quru dəhlizləri: CPEC vasitəsilə Qvadar limanına, Çin–Myanma
dəhlizi ilə Kyaukpyu limanına çıxış. Burada artıq əsas magistral
boru kəmərləri işləyir: 2013-dən qaz kəməri (ildə 5,2 mlrd m³),
2017-dən neft kəməri (ildə 22 mln ton). Bu, Malakkanı qismən yan
keçməyə imkan verir.
– Kra kanalı və Landbridge: Taylandda dəfələrlə gündəmə gələn Kra
kanalı əvəzinə indi daha real görünən “Landbridge” layihəsi irəli
sürülüb. Çumpxondan (Siam körfəzi) Ranonqa (Andaman dənizi) qədər
quru körpü ideyası dövlət tərəfindən yüz milyardlarla batla
dəstəklənib. Əgər reallaşsa, Malakka üzərində yükün bir hissəsini
götürəcək.
– Arktik vektor (Şimal dəniz yolu): Çin–Avropa ticarəti üçün
nəzərdə tutulan ehtiyat marşrut. Amma buz rejimi, infrastrukturun
zəifliyi və Rusiyadan asılılıq səbəbindən bu, ancaq əlavə, köməkçi
xətt ola bilər.
Hərbi-strateji ölçü: logistikadan güc proyeksiyasına
Donanmanın yeni silahı - “Mirvari boyunbağı”
Çinin “Mirvari boyunbağı” strategiyasının təkcə kommersiya
logistikasından ibarət olmadığını bu gün hamı anlayır. Artıq söhbət
uzaqmənzilli güc proyeksiyasından gedir. Çinin dəniz kommunikasiya
xətlərindən artan asılılığı və ABŞ-ın rəhbərlik etdiyi
koalisiyalarla rəqabəti fonunda ikili təyinatlı limanlar şəbəkəsi
Pekinə strateji imkanlar açır.
– Uzaq məsafələrdə fasiləsiz mövcudluq. Uzadılmış bərmələr, təmir dokları, yanacaq anbarları olan limanlara müntəzəm daxil olan təchizat gəmiləri, esmineslər və sualtı qayıqlar Çin donanmasına Benqal körfəzindən Qırmızı dənizə qədər elastiklik verir. Kambocadakı Ream bazası buna tipik nümunədir - Çin dəstəyi ilə tikilən yeni bərmə və quru dok artıq Type 055 esmineslərini qəbul edə bilir.
– Kəşfiyyat və situasiya nəzarəti. Mülki terminalların konfiqurasiyası və təhlükəsizlik sistemləri radiotexniki kəşfiyyat (ELINT) üçün gizli imkanlar açır. Beləliklə, formal bazasız “yumşaq müşahidə qovşaqları” yaradılır. Araşdırmalar göstərir ki, Çin bəzi əsas bərmələrə eksklüziv giriş imkanı qazanır və hətta HHM sistemlərini yerləşdirmə potensialı formalaşdırır. Bu isə “kölgə militarizasiyası”nın açıq göstəricisidir.
– Dəniz kommunikasiya xətlərinə nəzarət. Ən kritik boğazların yaxınlığında (Hörmüz, Bab-əl-Məndəb, Malakkanın girişləri) yerləşən qovşaqlar Pekinə böhran anlarında təzyiq vasitəsi verir - sadəcə nümayişkaranə mövcudluqdan tutmuş rəqiblərin hərəkətinə məhdudiyyət qoymağa qədər.
– Baza potensialı. Ream nümunəsi göstərdi ki, mülki infrastrukturu qısa müddətdə hərbiləşdirib daimi donanma kontingenti yerləşdirmək mümkündür. Bu isə Çinin dəniz qüvvələrinin mobil və operativ fəaliyyətini kəskin artırır.
Çağırışlar və qarşı-strategiyalar
Çinin ekspansiyası, təbii ki, cavabsız qalmır. Rəqiblər artıq alternativ mexanizmlər işə salıblar.
– QUAD və dəniz təlimləri. ABŞ, Hindistan, Yaponiya və Avstraliya mütəmadi olaraq MALABAR kimi təlimlər keçirir, aviadaşıyıcı qrupların qarşılıqlı fəaliyyəti, sualtı qayıqlara qarşı müdafiə və Hind okeanında patrul koordinasiyasını sınaqdan çıxarırlar. Bu, “şəbəkəvi çəkindirmə”nin institusionallaşmasıdır.
– AUKUS faktoru. Böyük Britaniya, ABŞ və Avstraliya sualtı komponenti gücləndirirlər. SSN-AUKUS proqramı və SRF-West bazasında rotasiya olunan atom sualtı qayıqlar regionu zərbə və əks-sualtı qüvvələrlə doydurur, Çin marşrutlarına təzyiqi artırır.
– İqtisadi-infrastruktur alternativləri. G7-nin PGII (Partnership for Global Infrastructure and Investment) təşəbbüsü Çin OPOP-unun əks-hərəkəti kimi ortaya qoyulub. Burada infrastruktur maliyyələşməsi daha şəffaf şərtlərlə, siyasi riskləri diversifikasiya etməklə təklif olunur.
– IMEC (Hindistan–Yaxın Şərq–Avropa). Bu multimodal dəhliz Hindistan limanlarını Körfəz ölkələri və daha sonra Cənubi Avropa ilə bağlamağı nəzərdə tutur. Pekinə qarşı “qeyri-Çin” logistika arxitekturası kimi təqdim olunur. Regiondakı siyasi gərginliyə baxmayaraq, IMEC Pekinin qarşısına qoyulan ən ciddi alternativlərdən biridir.
– Kamboca test meydanı. Ream limanının rəsmi açılışı zamanı Pnompen “dost donanmalar üçün açıqdır” bəyanatı verdi. Amma real nəzarət Pekinin əlindədir. Bu, ABŞ və tərəfdaşlarına siqnal oldu: Kamboca və qonşularla müdafiə əlaqələrini gücləndirmək vacibdir, əks halda Ream tammiqyaslı Çin hərbi forpostuna çevrilə bilər.
Çoxsəviyyəli qarşı-strategiyalar və “Mirvari boyunbağı”nın əsl mahiyyəti
Qlobal çəkindirmə mexanizmi
QUAD, AUKUS, PGII və IMEC kimi formatların hər biri ayrı-ayrılıqda
təsir göstərsə də, birlikdə onlar çoxqatlı bir əks-strategiya
sistemi yaradır. Məqsəd aydındır: Pekinin manevr azadlığını
məhdudlaşdırmaq və “Mirvari boyunbağı”nın təsir gücünü minimuma
endirmək. ABŞ, Hindistan, Yaponiya və Avstraliya hərbi ittifaqları
ilə, G7 isə iqtisadi alternativlər vasitəsilə Çini sıxışdırır.
Yeni əsrin geostrateji konstruksiyası
“Mirvari boyunbağı”nı yalnız ayrı-ayrı liman layihələrinin toplusu
kimi görmək sadəlövhlük olar. Bu, XXI əsrin tamformatlı geostrateji
konstruktorudur. Burada qlobal ticarət, enerji axınlarına nəzarət,
dəniz logistikası və diplomatik təsir birləşdirilərək vahid bir
memarlıq formalaşdırılır. Hər bir “mirvari” - liman, baza və ya
tranzit qovşağı - böyük mozaikanın bir hissəsi kimi işləyir.
Hibrid ekspansiyanın özəlliyi
Strategiyanın ən mühüm cəhəti onun hibrid xarakteridir. Formal
olaraq bunlar kommersiya sərmayələri, tərəfdaş ölkələrin
nəqliyyat-logistika imkanlarını genişləndirmək üçün yatırımlar kimi
təqdim olunur. Amma reallıqda bunlar dual-use infrastructure -
ikili təyinatlı obyektlərdir. Yəni, bir neçə həftə ərzində mülki
limanı hərbi bazaya çevirmək mümkündür. Bu yanaşma beynəlxalq
münasibətlərdə iqtisadi və hərbi ölçülər arasındakı ənənəvi sərhədi
silir və “gizli güc” ekspansiyasının yeni modelini nümayiş
etdirir.
Çinin milli təhlükəsizliyinin sütunu
Çinin xarici ticarətinin 90 faizdən çoxu dənizlə həyata keçirilir,
enerji idxalının 80 faizi isə Malakka boğazı kimi riskli
marşrutlardan asılıdır. Bu səbəbdən “Mirvari boyunbağı” Pekin üçün
ekzistensial layihədir. O, bir “böhran nöqtəsi” riskini azaldır və
eyni zamanda Çin donanmasının qlobal miqyasda güc proyeksiyası üçün
təməl yaradır.
Gələcəyin balansı
Bu strategiyanın uğuru yalnız Çinin iqtisadi və enerji
dayanıqlığını müəyyən etməyəcək. Onun nəticəsi Hind-Sakit okean
regionunda güclərin yenidən bölüşdürülməsi olacaq. Burada ABŞ,
Hindistan, Yaponiya, Avstraliya, Avropa İttifaqı və “Qlobal Cənub”
ölkələrinin maraqları toqquşur. Məhz “Mirvari boyunbağı” ətrafında
qarşıdakı onilliklərdə yeni dünya balansı formalaşacaq - iqtisadi
infrastruktur, hərbi güc və diplomatik təzyiq vahid qlobal liderlik
kompleksinə çevriləcək.
Mənbələr:
· Çin Xalq Respublikasının Müdafiə üzrə Ağ Kitabı 2015 —
http://www.gov.cn/english/2015-05/26/content_281475122111986.htm
· Çin Xalq Respublikasının Müdafiə üzrə Ağ Kitabı 2019 — https://www.chinadaily.com.cn/a/201907/24/WS5d375d9ea310d8305640019d.html
· “Bir kəmər — bir yol” təşəbbüsü (rəsmi sayt) — https://eng.yidaiyilu.gov.cn
· “XXI əsrin Dəniz İpək Yolu” konsepsiyası — https://www.beltandroadforum.org
· Çinin Cibutidəki hərbi-dəniz bazası (SIPRI) — https://sipri.org/commentary/topical-backgrounder/2017/chinas-first-foreign-military-base
· Cibuti bazasının imkanları (CSIS) — https://chinapower.csis.org/china-djibouti-military-base
· Hambantota yaxınlığında sualtı qayıqların peyk şəkilləri (Jane’s
Defence) — https://www.janes.com
· Beynəlxalq Enerji Agentliyi (IEA, Çinin neft idxalı statistikası)
— https://www.iea.org/reports/oil-2023
· “Malakka dilemması” barədə analitika (CSIS) — https://csis.org/analysis/chinas-malacca-dilemma
· Enerji İnformasiya Administrasiyası (EIA, Hörmüz boğazı üzrə
məlumatlar) — https://www.eia.gov/todayinenergy/detail.php?id=41073
· Bab-əl-Məndəb boğazı barədə məlumat (Maritime Executive) —
https://www.maritime-executive.com
· Qvadar (CPEC, rəsmi səhifə) — http://cpec.gov.pk
· Qvadar — Dünya Bankının investisiya məlumatları — https://projects.worldbank.org/en/projects-operations/project-detail/P101528
· Hambantota (New York Times, “99 illik icarə”) — https://www.nytimes.com/2017/12/12/world/asia/sri-lanka-china-port.html
· Çittaqonq (Banqladeş Liman İdarəsi) — http://cpa.gov.bd
· Kyaukpyu (Çin–Myanma İqtisadi Dəhlizi) — https://thediplomat.com/2018/01/chinas-strategic-port-in-myanmar
· Ream limanı (Kamboca, ÇXR ilə modernləşdirmə) — https://www.rfa.org/english/news/cambodia/ream-naval-base-09222023150059.html
· Lamu limanı (Keniya) — https://lamuport.go.ke
· Bagamoyo limanı (Tanzaniya) — https://thediplomat.com/2019/02/tanzanias-bagamoyo-port-deal-with-china
· COSCO və Pirey limanı (Financial Times) — https://www.ft.com/content/95a2b62c-60b5-11e9-b285-3acd5d43599e
· COSCO Vado-Liqurə (İtaliya) — https://www.portseurope.com/vado-ligure
· COSCO Hamburqda (Deutsche Welle) — https://www.dw.com/en/china-cosco-hamburg-port-stake/a-63560654
· COSCO Rotterdamda (Port of Rotterdam) — https://www.portofrotterdam.com
· RAND Corporation — https://rand.org
· Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) — https://csis.org
· Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) — https://www.iiss.org
· Hindistan Müdafiə Araşdırmaları və Analiz İnstitutu (IDSA) —
https://idsa.in
· Chatham House (İndo-Sakit okean regionu üzrə tədqiqatlar) —
https://chathamhouse.org
· Alfred Mahan, “Dəniz gücünün tarixə təsiri, 1660–1783” (tam mətn)
— https://archive.org/details/influenceofseapo00maha
· Britaniya Şərqi Hindistan şirkəti (tarixi kontekst) — https://www.britannica.com/topic/East-India-Company
· MALABAR təlimləri (Hindistan Hərbi Dəniz Qüvvələrinin rəsmi
saytı) — https://www.indiannavy.nic.in/content/exercise-malabar
· AUKUS (Avstraliya hökumətinin rəsmi saytı) — https://www.defence.gov.au/about/our-work/aukus
· Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı (PGII, G7) —
https://www.whitehouse.gov/briefing-room/statements-releases/2022/06/26/fact-sheet-president-biden-and-g7-leaders-launch-the-partnership-for-global-infrastructure-and-investment
· IMEC (Hindistan–Yaxın Şərq–Avropa Dəhlizi, G20 Yeni Dehli 2023) —
https://www.consilium.europa.eu/en/press/press-releases/2023/09/09/partnership-for-global-infrastructure-and-investment-india-middle-east-europe-economic-corridor