Bakı. Trend:
Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarına media-tur təşkil edilib.
Trend-in yerli müxbiri xəbər verir ki, jurnalistlərə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları barədə məlumat verilib.
"AzərEnerji" "Yaşıl Enerji" MMC-nin baş mühəndisi Razim Qasımov, bildirib ki, Kəlbəcər rayonunda 3 - 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib. Bu stansiyaları su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb.
Bildirilib ki, müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.