Bakı. Trend:
Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumatda qeyd olunub.
Bildirilib ki, BDYPİ sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
"Sürücülərə uzun səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələri tövsiyə olunur.
Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddinə əməl etmək tələb olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını yollarda təhlükəsizliyi birgə qorumağa çağırır", - deyə məlumatda qeyd olunub.