Bakı. Trend:
Bu gün akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın ilk günü yekunlaşıb.
Trend xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub.
Açılış mərasimindən öncə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxış keçirilib.
Mərasimin rəsmi açılış hissəsində elm və təhsil naziri Emin
Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclisin
Mədəniyyət Komitəsi sədrinin müavini Rafael Hüseynov, akademikin
qızı Sevda Məmmədəliyeva və digərləri çıxış ediblər. Eyni zamanda,
UNESCO-nun baş direktorunun müavini Lidiya Brito və İSESCO-nun Baş
direktoru Salim bin Məhəmməd əl-Maliki konfransa video-müraciət
ünvanlayıblar.
Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevə həsr olunmuş sənədli
film də nümayiş edilib.
Rəsmi açılış mərasimindən sonra konfrans öz işini panel müzakirələrlə davam etdirib.
Konfransın birinci günündə dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçirilib.
Qeyd edək ki, konfrans öz işini sabah da davam etdirəcək.
Konfransın ikinci günündə Naxçıvanda akademikin abidəsinə, həmçinin Yusif Məmmədəliyevin ev-muzeyinə ziyarət nəzərdə tutulur.
