...

Azərbaycan Din Xadimlərinin Forumu digər ölkələrdəki analoji tədbirlərdən seçilir - Gündüz İsmayılov

Cəmiyyət Materials 24 Dekabr 2025 11:49 (UTC +04:00)
Azərbaycan Din Xadimlərinin Forumu digər ölkələrdəki analoji tədbirlərdən seçilir - Gündüz İsmayılov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçılarına baxsaq, görərik ki, bu forum digər ölkələrdə keçirilən analoji tədbirlərdən fərqlənir.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Sədr müavininin sözlərinə görə, fərq ondan ibarətdir ki, Azərbaycan din xadimlərinin forumunda yalnız bir dini mənsubluq və ya bir dini konfessiyaya aid olan din xadimləri iştirak etmir:

“Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların, o cümlədən dini icmaların din xadimləri bu forumda təmsil olunublar.

Qafqaz Müsəlmanları İdarəsi İslam dini icmaları ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xristian icmaları — pravoslav icmaları, o cümlədən Rus Pravoslav və Gürcü Pravoslav kilsələri, həmçinin Lüteran kilsəsi və digər xristian, protestant icmaları da forumda təmsil olunurlar.

Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının hamısı forumun işində iştirak edir”.

G.İsmayılovun sözlərinə görə, digər önəmli məqamlardan biri ondan ibarətdir ki, ənənəvi dini konfessiyalarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş, sayından asılı olmayaraq kiçik icmalar da forumda təmsil olunublar:

“Daha bir mühüm məqam isə ondan ibarətdir ki, forumda Respublikanın bütün bölgələri təmsil olunub. Burada yalnız İslam icmaları deyil, Azərbaycanın bölgələrində fəaliyyət göstərən qeyri-islam dini icmaları da iştirak edirlər.

Forumun panellərinə, iştirakçılarına və mövzularına diqqət yetirsəniz görərsiniz ki, Azərbaycanda dövlət–din münasibətlərinin tənzimlənməsi, dini təhsil, multikulturalizm və tolerantlıq dəyərləri, eləcə də qadın hüquqları məsələləri əsas müzakirə mövzuları sırasındadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti