Bakı. Trend:
Xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçirilir. Xüsusi İcra Məmurlarının Palatasının üzvü Nazirlik tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna bilər.
Yoxlamanın aparılması yoxlamanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə həvalə edilə bilməz.
Yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılacaq. Plan üzrə (növbəti) yoxlama iki ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılacaq.
Xüsusi icra məmurlarının ilk dəfə fəaliyyətə başlamasından 6 ay keçmədən plan üzrə yoxlanılma aparıla bilməz.
