Bakı. Trend:
Bank Respublika beynəlxalq əməkdaşlığın genişləndirilməsi
strategiyası çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə
əlaqələrini möhkəmləndirməyə davam edir. Bu istiqamətdə atılan
növbəti mühüm addım təkcə Çinin deyil, həm də dünyanın ən iri
banklarından biri olan “Bank of China”da müxbir hesabın açılması
oldu.
Bu əməkdaşlıq Bank Respublika-nın beynəlxalq müxbir bank şəbəkəsinin inkişafında vacib mərhələ olmaqla yanaşı, Bankın beynəlxalq maliyyə bazarlarında mövqelərinin daha da möhkəmlənməsinə, qlobal bank sisteminə daha dərin inteqrasiyasına, eləcə də aparıcı dünya maliyyə institutları üçün etibarlı tərəfdaş kimi işgüzar reputasiyasının güclənməsinə töhfə verir.
“Bank of China”da müxbir hesabın açılması Bank Respublika müştərilərinə xarici iqtisadi əməliyyatların həyata keçirilməsi zamanı yeni imkanlar yaradacaq. Belə ki, müştərilər, xüsusilə Çin istiqaməti üzrə valyuta əməliyyatlarını daha operativ, etibarlı və səmərəli şəkildə həyata keçirə biləcəklər.
1912-ci ildə təsis edilmiş “Bank of China” Çinin ən qədim və ən iri dövlət banklarından biridir. Bank geniş beynəlxalq şəbəkəyə malikdir, dünyanın 60-dan çox ölkəsində təmsil olunur, aktivləri 3 trilyon ABŞ dollarını ötür və korporativ və pərakəndə bankçılıq, ticarət maliyyələşdirilməsi, maliyyə institutlarına xidmətlər və qlobal bazarlarda əməliyyatlar sahəsində geniş spektrli maliyyə xidmətləri təqdim edir.