Bakı. Trend:
Toy və yas mərasimlərində şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.
Trend xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.
Bildirilib ki, açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə (yığıncaqlar, qurultaylar, konfranslar, konsertlər, tamaşalar, idman yarışları, toy və yas mərasimləri və s.) digər qanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına, habelə yayılmasına şəxslərin razılığı tələb olunmur.
Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab ediləcək.
Qeyd edək ki, cinayət işi açılıb açılmamasından asılı olmayaraq sirr təşkil edən məlumatların yayılmasına görə tərəf mülki qaydada tələb irəli sürə bilər.
Sirr hesab edilməsə də, tərəfin razılığı olmadan yayılan məlumatlarla bağlı cinayət məsuliyyəti yaranmır, lakin tərəf mülki qaydada iddia qaldıra bilər.
İddia şəxsiyyət hüququnun müdafiəsi və mənəvi zərərlə bağlı qaldırılır.
“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarı yalnız mülki qaydada vahid məhkəmə təcrübəsinin tənzimlənməsi üçündür. Orada yazılan hüquqazidd əməllər, qadağalar və məsuliyyət mülkidir.
