Bakı.Trend:
Tailand Krallığının paytaxtı Banqkok şəhərində Azərbaycanın sədrliyi ilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası keçirilib. Tədbirdə ölkəmiz geniş nümayəndə heyəti ilə təmsil olunub.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.
Bildirilib ki, sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sektor müdiri Eltac Abbasov “Asiya və Sakit Okean regionunda inklüziv nəqliyyat və əlçatanlıq: əldə olunan təcrübə və gələcək istiqamətlər” mövzusunda çıxış edib. O, iştirakçılara şəhər nəqliyyatında əlaqəliliyin gücləndirilməsi, əlçatanlığın artırılması, rəqəmsallaşma və nəqliyyat planlaşdırılmasında məlumat əsaslı yanaşmaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. İnteqrasiya olunmuş mobillik həllərinin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qərar qəbuletmə prosesində rəqəmsal alətlərin rolu xüsusi vurğulanıb.
Həmçinin bildirilib ki, Azərbaycanın 2025 – 2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumunda prezidentliyi çərçivəsində qəbul edilmiş əsas nəqliyyat siyasəti tövsiyələrindən biri şəhər mobilliyi və inklüziv nəqliyyatın təşviqinə həsr olunub. Bu prioritetlərin UNESCAP gündəliyi ilə tam uyğunluq təşkil etdiyi diqqətə çatdırılıb.
Sessiyada inklüziv və dayanıqlı nəqliyyat sistemlərinin təşviqi istiqamətində regional tərəfdaşlarla əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmi vurğulanıb.
