Bakı. Trend:
Abunəçilərinə ən yüksək müştəri təcrübəsini təqdim etməyi prioritet kimi müəyyən edən “Azercell Telekom” MMC 2025-ci il ərzində şəbəkə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə mexanizmlərinin tətbiqi, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və böhran davamlılığının artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib. Şirkətin təşəbbüsləri milli rəqəmsal ekosistemin dayanıqlılığının möhkəmləndirilməsinə mühüm töhfə verib.
Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən "Azercell"in ölkə üzrə coğrafi əhatə dairəsi 95,6%, əhali üzrə əhatə səviyyəsi isə 98,6% təşkil edir. Artan data trafiki və sürətlə dəyişən istifadəçi davranışları şəbəkənin optimallaşdırılmasını şirkətin əsas prioritetlərdən birinə çevirib. İl ərzində 220-dən çox mövcud baza stansiyası modernləşdirilib, Bakı, Abşeron və Sumqayıt üzrə 50, regionlarda isə 218 olmaqla ümumilikdə 268 yeni baza stansiyası istifadəyə verilib. Nəticədə ölkə üzrə LTE (4G) baza stansiyalarının sayı 3860-ı ötüb.
Eyni zamanda, şirkət beynəlxalq GSM Assosiasiyası (GSMA) və süni intellekt, bulud texnologiyaları, eləcə də analitika sahəsində qlobal liderlərdən biri kimi tanınan IBM ilə strateji əməkdaşlığını genişləndirərək şəbəkə optimallaşdırılması proseslərində generativ süni intellekt əsaslı həllərin tətbiqinə başlayıb. Bu çərçivədə həyata keçirilən təşəbbüs əl əməyinə əsaslanan təhlil proseslərini əhəmiyyətli dərəcədə azaldaraq şəbəkə performansının daha sürətli və dəqiq qiymətləndirilməsinə imkan yaradıb. Qərar qəbuletmə mexanizmlərinin çevikliyi artıb, optimallaşdırma prosesləri isə daha məlumat əsaslı şəkildə həyata keçirilib. Layihənin “GSMA AI Use Case Library”də yer alması Azercell-in qlobal innovasiya ekosistemində fəal iştirakını və süni intellekt əsaslı transformasiya strategiyasının beynəlxalq səviyyədə tanındığını nümayiş etdirib.
Şirkət Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasını rəhbər tutaraq bu istiqamətdə də strateji yanaşmasını dərinləşdirib. Azercell daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirib, insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi mexanizmlərini təkmilləşdirib. Real vaxt rejimində monitorinq imkanlarının gücləndirilməsi potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi aşkarlama səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.
"Azercell"in “CyberCell” komandası “Critical Infrastructure Defence Challenge 2025” yarışında ikinci dəfə vitse-çempion adını qazanaraq kritik infrastrukturun qorunması sahəsində yüksək peşəkarlıq nümayiş etdirib. Şirkət mütəxəssislərinin “Black Hat USA 2025” və “DEFCON 33” kimi nüfuzlu beynəlxalq platformalarda iştirakı isə "Azercell"in qlobal kibertəhlükəsizlik gündəliyində aktiv mövqeyini bir daha təsdiqləyib.
Eyni zamanda, Bakı Mühəndislik Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər sektor üzrə bilik və bacarıqların artırılmasına, yerli ekspert potensialının gücləndirilməsinə xidmət edib.
Rabitə infrastrukturunun uzunmüddətli dayanıqlılığının təmin edilməsi məqsədilə "Azercell"in təşəbbüsü ilə yaradılmış “Böhran İdarəetmə Qrupu” 2025-ci ildə fəaliyyətini genişləndirərək institusional əməkdaşlıq modelini daha da möhkəmləndirib. Bu çərçivədə ölkə ərazisində və Orta Dəhliz boyunca rabitə infrastrukturunun etibarlılığını və fasiləsizliyini təmin edən vahid koordinasiya mexanizminin formalaşdırılması istiqamətində işlər davam etdirilib. “Aztelekom” və “Azercosmos” nümayəndələrinin iştirakı ilə biznes davamlılığı, böhran kommunikasiyası, infrastrukturun operativ bərpası və informasiya təhlükəsizliyi üzrə praktiki təlimlər və ssenari əsaslı məşqlər həyata keçirilib. Bakı şəhərində və Qarabağ bölgəsində real vaxt rejimində keçirilən dayanıqlılıq testləri komandalararası koordinasiyanın effektivliyini nümayiş etdirib, milli peyk imkanlarından istifadə etməklə rabitə xidmətlərinin fasiləsizliyinin təmin olunması uğurla sınaqdan keçirilib.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji
məqsədinə sadiq qalan "Azercell" innovativ texnoloji həllər və
dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yanaşması ilə
Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam
edəcək.