Bakı. Trend:
22-25 aprel 2026-cı il tarixlərində Yunanıstanın Delfi şəhərində keçirilən 11-ci Delfi İqtisadi Forumu geosiyasi parçalanma, iqlim riskləri və rəqəmsal dövrün yaratdığı yeni reallıqlar fonunda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş qlobal platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib.
Bu barədə Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi forumun tərəfdaşlarından biri qismində tədbirdə geniş tərkibdə təmsil olunub.
Forumda Mərkəzi BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa, Belçikanın sabiq Baş naziri İv Leterme, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Avropa Şurasının sabiq Prezidenti Şarl Mişel, Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa və Bolqarıstanın sabiq Baş naziri Kiril Petkov təmsil ediblər.
Forum çərçivəsində Mərkəzin üzvləri müxtəlif yüksək səviyyəli panel və müzakirələrdə iştirak edərək qlobal gündəliyin əsas mövzularına dair fikir mübadiləsi aparıblar. Bu müzakirələrdə Avropanın gələcəyi və yeni əməkdaşlıq modelləri, beynəlxalq təhlükəsizlik və geosiyasi balans, Yaxın Şərqdə davam edən proseslər, çoxtərəfli institutların rolu, o cümlədən BMT-nin yeni dünya nizamındakı əhəmiyyəti, qlobal iqtisadi transformasiyalar və rəqəmsal dövrdə dövlətlərin mövqeyi kimi aktual məsələlər geniş şəkildə müzakirə olunub.
Eyni zamanda, forum çərçivəsində keçirilən xüsusi sessiyalarda Avropanın strateji dayanıqlığı, qlobal parçalanma fonunda beynəlxalq münasibətlərin gələcəyi, eləcə də sülh və təhlükəsizlik məsələləri ətrafında müzakirələrə Mərkəzin üzvləri töhfə veriblər.
Tədbir çərçivəsində Mərkəzin Baş katibi bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zeljka Cviyanoviç, Yunanıstanın xarici işlər nazirinin müavini Aleksandra Papadopulu,Kral Faysal Araşdırmalar Mərkəzinin rəhbəri Şahzadə Turki Əl Faysal və Avsopa Komissiyasının sabiq üzvü və İtaliyanın sabiq Baş naziri Paolo Centilioni ilə qlobal çağırışlar, qarşılıqlı əməkdaşlıq imkanları və Mərkəzin gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
