Prezident İlham Əliyev: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq (TAM ÇIXIŞ)

Siyasət Materials 27 Aprel 2026 19:29 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq (TAM ÇIXIŞ)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı söyləyib.

Prezident İlham Əliyevin çıxışı

-Günortanız xeyir, xanımlar və cənablar, əziz qonaqlar.

Çox şadıq ki, Baş nazir Babişin rəsmi səfəri zamanı Çexiyanın böyük biznes nümayəndə heyəti onu müşayiət edir. Bu, biznesin birgə aparılmasında qarşılıqlı marağın çox aydın işarəsidir. Adətən, işgüzar dairələr öz qərarını layihənin gəlirliyi ilə bağlayır, lakin eyni zamanda, bir çox məsələlər hüquqi əsaslar və siyasi ölçülərdən asılı olur.

Beləliklə düşünürəm ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Fikrimcə, bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir.

Bu gün artıq qeyd olunduğu kimi, biz Baş nazir Babişlə üç ay əvvəl Davosda bir araya gəldik, indi isə burada, Qəbələdə görüşürük. Bir sözlə, bu, həqiqətən göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Bu gün siyasi gündəliyin, o cümlədən regional və qlobal siyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, biz, həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq. Biz konkret layihələrə toxunduq və birmənalı olaraq biznes-forumda bütün həmin məsələlər nəzərdən keçirilir.

Əlbəttə, hüquqi çərçivəyə əlavə, hər hansı sərmayədar üçün potensial sərmayələr sahəsində iqtisadi vəziyyət də vacibdir. Auditoriyanı məlumatlandıra bilərəm ki, Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir. Əslində, məzənnə dəyişməz olaraq qalır. 2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir. Düşünürəm ki, bu, hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir. Son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz, xüsusilə də beynəlxalq gündəliyin qarışıq vaxtlarında.

Biz borcalmanı azaldaraq maliyyə sistemimizin gücləndirilməsinə nail olduq. Əslində, biz xarici borcu aşağı salmaq üçün bir neçə il əvvəl əsas borcalmaları dayandırdıq. Hazırda biz yenidən borcalmaya başladıq, çünki indi xarici borc ÜDM-in cəmi 6,1 faizini təşkil edir.

İnfrastruktur layihələri. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş sahələrində yenidənqurmaya gəldikdə, görüləsi işlər çoxdur. Beləliklə, biz Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatları ilə artıq fəal işə başlamışıq. Məqsəd qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır. Beynəlxalq təcrübəyə gəldikdə, biz, həmçinin qeyd edə bilərik ki, “Moody's” Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Düşünürəm ki, bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.

İkitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, əvvəlcə bildirmək istərdim ki, biz Avropa İttifaqından ilk kənar ölkəyə - Azərbaycana səfər etdiyinə görə Baş nazir Babişə çox minnətdarıq. Biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq.

Nəticə verən sahələrdən biri müdafiə sənayesidir. Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır. Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalamışıq. Hazırda fəaliyyət dairəsini artırmağı və birgə istehsalata başlamağı planlaşdırırıq. Elə danışdığımız zaman heyətlərimiz bunun üzərində işləyir. Bu, istənilən ölkə üçün, xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimi artdığı dövrdə çox mühüm sahədir. Hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyə hazır olmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz böyük artım potensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsas qoyduq.

Həmçinin bu gün cənab Baş nazirlə birgə qəbul etdiyimiz qərarlar arasında Birgə İqtisadi Komissiyanın həmsədrliyinin səviyyəsinin nazirlər səviyyəsinə qaldırılması və Birgə Hökumətlərarası Komissiyasının iclasının təşkili də var idi. Yaxşı olardı ki, bu iclas bu il keçirilsin. Birgə Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 3 il bundan əvvəl keçirilmişdir. Beləliklə, bir çox məsələlər üzərində iş gedir. Biz bu məsələlərin gedişi barədə xəbərdar edilməliyik, informasiya mübadiləsi aparılmalıdır, biznes ictimaiyyəti istiqamətləndirilməlidir və onlar üçün daha yaxşı mühit təmin edilməlidir.

Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırıla biləcək potensial investisiyalara gəldikdə, birinci sahə əlbəttə ki, sənayenin inkişafıdır və birgə istehsaldır. Biz nəqliyyat infrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgə müəssisə yaratmaq məqsədilə Çexiyanın çox məşhur olan nəqliyyat sektorunu geniş müzakirə etdik.

Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Bunun üçün çoxlu sahə işləri aparılmalıdır. Əlbəttə ki, bu, sahələrdən biri ola bilər.

Bağlantı. Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq.

Turizm, əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Biz əlbəttə ki, əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızı nəzərə alaraq artırmalı olduğumuz hava yolu əlaqəsi üzərində çalışmalıyıq.

Biz, həmçinin Azərbaycanın regionda artıq önəmli rol oynadığı hava ilə yükdaşımaları sahəsində potensial əməkdaşlığı müzakirə etdik. Bir çox digər sahələr də var. Əlbəttə ki, qeydlərimizdə bütün məsələləri əhatə etmək mümkün deyil. Lakin mən əminəm ki, biznes dairələri bu gün biznesin qurulması və dostyana mühitin yaradılması üzrə potensiala dair aydın anlayışla bir araya gəliblər. Ümid edirəm ki, Çexiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bu gün qoyulacaq və o, davam edəcəkdir.

Bir daha, cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti