Bakı. Trend:
“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının qanunu ölkəmizdə maliyyə sektorunun inkişafı və iqtisadiyyatın dayanıqlı artımının təmin edilməsi istiqamətində mühüm addımlardan biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Trend xəbər
verir ki, bunu Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan
vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü,
deputat Sevil Mikayılova parlamentin bugünkü plenar iclasında
“Maliyyə icarəsi haqqında” qanun layihəsinin birinci oxunuşda
müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsinin
qəbulu Azərbaycanda maliyyə bazarlarının inkişafına, sahibkarlığın
güclənməsinə və ümumi iqtisadi artımın davamlılığının təmin
olunmasına xidmət edən mühüm institusional islahat kimi
qiymətləndirilə bilər: “Belə ki, qanun maliyyə icarəsi üzrə
tənzimlənmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi
mexanizmlərini formalaşdıraraq, bazarın daha şəffaf və effektiv
fəaliyyətinə şərait yaradacaq. Bu isə maliyyə resurslarına çıxışın
genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
S.Mikayılova vurğulayıb ki, Bank sektorunun əsas tənzimləyicisi
olan Mərkəzi Bank bu qanun vasitəsilə yeni maliyyə alətini tətbiq
etməklə iqtisadiyyata əlavə dəyər qazandırılmasını təmin edə
bilər.
“Beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyə icarəsi aləti
bazar münasibətlərinin çevikliyini artırır. İcarəçi zəruri
aktivlərdən istifadə etməklə öz fəaliyyətini qurur, icarəyə verilən
aktiv üzərində mülkiyyət hüququnu qoruyaraq gəlir əldə edir. Bu isə
bütövlükdə iqtisadiyyatın daha da dinamikləşməsinə xidmət edir. Bu
mənada, “Maliyyə icarəsi haqqında” qanun layihəsində xarici hüquqi
şəxslərlə bağlı tələblərin müəyyən edilməsi Azərbaycan maliyyə
bazarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasını
dərinləşdirərək, ölkəyə xarici investisiyaların cəlb olunmasına
əlavə imkanlar yaradacaq”, - deyə deputat bildirib.
Eyni zamanda, S.Mikayılova əlavə edib ki, xarici şirkətlərin
maliyyə icarəsi bazarına çıxışı texnologiya və qabaqcıl idarəetmə
təcrübələrinin ölkəyə transferinə şərait yaradır.
“İnkişaf etmiş bazarlarda formalaşmış lizinq mexanizmlərinin
tətbiqi yerli maliyyə sektorunun keyfiyyətcə yeni mərhələyə
keçidini sürətləndirə bilər. Bu isə xidmətlərin çeşidinin
artmasına, maliyyə məhsullarının daha innovativ və çevik olmasına
gətirib çıxarır. Digər mühüm məqam ondan ibarətdir ki, xarici
iştirakçıların bazara daxil olması rəqabəti artırır. Rəqabətin
güclənməsi isə xidmət keyfiyyətinin yüksəlməsinə, maliyyə icarəsi
şərtlərinin daha əlverişli olmasına və nəticədə sahibkarların daha
geniş imkanlar əldə etməsinə səbəb olur. Xüsusilə, bu proses orta
və iri biznes subyektlərinin uzunmüddətli və daha sərfəli maliyyə
resurslarına çıxışını asanlaşdırır”, - deyə deputat bildirib.
S.Mikayılova qeyd edib ki, qanun layihəsində maliyyə icarəsi
subyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması ilə
bağlı müddəaların yer alması bazarın dayanıqlılığı baxımından
vacibdir:
“Xüsusilə, maliyyə icarəsi obyektinin zədələnməsi, vaxtından
əvvəl sıradan çıxması və ya istifadə zamanı yaranan risklərin kim
tərəfindən daşınmasının aydın şəkildə tənzimlənməsi hüquqi
mübahisələrin azalmasına və biznes mühitində etimadın artmasına
səbəb olur. Eyni zamanda, sığorta mexanizmlərinin qanunvericilik
səviyyəsində təşviqi maliyyə icarəsi əməliyyatlarının
təhlükəsizliyini artırır və risklərin idarə olunmasını daha
effektiv edir. Bu, həm icarəçilərin, həm də icarəyə verənlərin
maraqlarını qoruyaraq maliyyə bazarında sabitliyi gücləndirir”.
S.Mikayılova əlavə edib ki, “Maliyyə icarəsi haqqında” qanun
layihəsi Azərbaycanda maliyyə bazarlarının dərinləşdirilməsi,
sahibkarlığın inkişafı və iqtisadi artımın sürətləndirilməsi
baxımından mühüm institusional addımdır.
“Bank sektorunun tənzimləyicisi kimi cıxış edən Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən yeni maliyyə alətinin
tətbiqi iqtisadiyyata əlavə dəyər qazandıracaq, investisiya
imkanlarını genişləndirəcək və bazarın çevikliyini artıracaq.
Beynəlxalq reytinq agentlikləri qeyd edir ki, Azərbaycan Mərkəzi
Bankı tərəfindən 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf
Strategiyası çərçivəsində effektiv tənzimlənmə və nəzarət
mexanizmlərinin tətbiqi ilə yerli bank sektorunda qabaqcıl
beynəlxalq təcrübənin mənimsənilməsi sürətlənib. Ümid edirik ki, bu
qanun iqtisadi artımın sürətlənməsinə, biznes mühitinin
yaxşılaşmasına və investisiya imkanlarının genişlənməsinə mühüm
töhfə verəcək”, - deyə deputat bildirib.
