Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə dərinləşib - Azər Qarayev

Siyasət Materials 27 Aprel 2026 13:48 (UTC +04:00)
Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə dərinləşib - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə həm siyasi, həm də iqtisadi və humanitar müstəvilərdə nəzərəçarpacaq dərəcədə dərinləşib. Bu münasibətlər yalnız rəsmi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmır, həm də real əməkdaşlıq layihələri, qarşılıqlı dəstək və ortaq maraqlar üzərində qurulan davamlı tərəfdaşlıq modelini əks etdirir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana son işgüzar səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və iki ölkə arasında əlaqələrin yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Bu barədə Trend-ə politoloq Azər Qarayev.

"Qəbələdə keçirilən görüşlər və aparılan müzakirələr göstərdi ki, Bakı və Kiyev arasında dialoq artıq epizodik xarakter daşımır, sistemli və məqsədyönlü şəkildə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün baş tutması münasibətlərin dinamikliyindən xəbər verir. Bu görüşlər yalnız protokol xarakteri daşımır, konkret nəticələrə yönəlmiş müzakirələr və qərarlarla müşayiət olunur.

Siyasi münasibətlərin möhkəm təməli hələ əvvəlki illərdə imzalanmış strateji tərəfdaşlıq sənədlərinə dayanır. Bu sənədlər çərçivəsində tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyiblər. Bu prinsipial mövqe xüsusilə müasir beynəlxalq münasibətlər sistemində böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözləri ilə desək, "Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir". Bu yanaşma tərəflərin yalnız ikitərəfli deyil, qlobal səviyyədə də ortaq mövqedən çıxış etdiyini göstərir", - o bildirib.

Onun sözlərinə görə, energetika sahəsi Azərbaycan-Ukrayna əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır.

"Azərbaycanın enerji resursları və Ukraynanın tranzit imkanları bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır. Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynada uzun illərdir fəaliyyəti bu əməkdaşlığın praktiki nəticələrindən biridir. Eyni zamanda, yeni investisiya layihələri və birgə təşəbbüslər müzakirə olunur ki, bu da tərəflərin enerji təhlükəsizliyi sahəsində daha sıx əməkdaşlıq etmək niyyətini göstərir.

İqtisadi əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artması, kənd təsərrüfatı, sənaye və investisiya sahələrində əməkdaşlığın genişlənməsi bu münasibətlərin çoxşaxəli xarakter aldığını sübut edir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin yarım milyard dolları ötüb keçməsi mühüm göstəricidir, lakin tərəflər bu rəqəmin daha da artırılması üçün böyük potensialın mövcud olduğunu qeyd edirlər. Bu baxımdan Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi rol oynayır və gələcəkdə daha intensiv əməkdaşlıq üçün platforma rolunu oynayacaq.

Son illərdə diqqət çəkən mühüm istiqamətlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Həm Azərbaycan, həm də Ukrayna müdafiə sənayesində ciddi inkişaf yolu keçib və bu sahədə təcrübə mübadiləsi üçün geniş imkanlar mövcuddur. Prezident Zelenski də bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Ukrayna müharibə şəraitində əldə etdiyi təcrübəni bölüşməyə hazırdır və birgə istehsal layihələri perspektivli görünür. Bu əməkdaşlıq yalnız müdafiə qabiliyyətinin gücləndirilməsi deyil, həm də texnoloji inkişaf baxımından mühüm əhəmiyyət daşıyır", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, humanitar sahə isə Azərbaycan-Ukrayna münasibətlərinin ən həssas və eyni zamanda ən təsirli istiqamətlərindən biridir.

"Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardım, xüsusilə müharibədən zərər çəkmiş uşaqlara yönəlik dəstək yüksək qiymətləndirilir. Ukrayna Prezidenti bu yardımlara görə minnətdarlığını ifadə edərək bildirib ki, "beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq". Bu cür təşəbbüslər iki xalq arasında humanitar bağların möhkəmlənməsinə xidmət edir və münasibətləri yalnız dövlətlərarası deyil, həm də xalqlar səviyyəsində yaxınlaşdırır.

Eyni zamanda, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Ukraynanın ali təhsil müəssisələri uzun illərdir azərbaycanlı tələbələr üçün cəlbedici məkan olaraq qalır. Bu isə gələcəkdə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verən mühüm amildir. Gənclər arasında qurulan bu körpülər uzunmüddətli perspektivdə strateji tərəfdaşlığın sosial bazasını formalaşdırır", - o bildirib.

Politoloq vurğulayıb ki, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan və Ukrayna arasında əməkdaşlıq həm də daha geniş regional və qlobal kontekstdə əhəmiyyət qazanır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ərzaq təhlükəsizliyi kimi məsələlərdə iki ölkənin əməkdaşlığı yalnız öz milli maraqları ilə məhdudlaşmır, həm də daha geniş region üçün sabitlik və inkişaf amilinə çevrilir.

"Nəticə etibarilə, Azərbaycan-Ukrayna münasibətləri bu gün çoxşaxəli və dinamik inkişaf edən tərəfdaşlıq modelidir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji layihələri, humanitar təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət bu münasibətləri möhkəm təməl üzərində qurur. Prezidentlər səviyyəsində davamlı təmaslar və qarşılıqlı dəstək isə bu tərəfdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminlik yaradır. Zelenskinin Azərbaycana səfəri də məhz bu inkişafın növbəti mərhələsini simvolizə edərək, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşəcəyinə işarə edir", - A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti