Bakı. Trend:
Şri-Lankada Bandaranaik aeroportunda 110 kiloqramdan artıq narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli bilinən 22 buddist rahib saxlanılıb.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Rahiblərdən ibarət dəstə aprelin 25-də gecə saatlarnda Tailanddan qayıdarkən hava limanında saxlanılıb.
Hüquq mühafizə orqanlarına öncədən daxil olan məlumat əsasında, onların yükünə hərtərəfli baxış keçirilib və nəticədə çantaların gizli yerlərində ümumilikdə 112 kiloqram narkotik vasitə aşkarlanaraq müsadirə edilib.
Müsadirə edilmiş narkotik vasitələrin ümumi dəyəri 1,1 milyard rupiyə (təxminən 3,4 milyon ABŞ dolları) yaxın olub.
Narkotrafikin Camburaliya bölgəsində yerləşən bir məbədin üç rahibi tərəfindən koordinasiya edildiyi güman edilir. İddia olunur ki, həmin şəxslər sosial şəbəkələr vasitəsilə əlavə 19 nəfəri də bu prosesə cəlb ediblər.
