Kanadada Azərbaycan mədəniyyətinin təbliğinə yönələn "Folklor kursu" yaradılıb. Trend in məlumatına görə, bu kurs Kanadada fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzinin nəzdində yaradılıb, Azərbaycanın milli mədəniyyətinin, mənəvi dəyərlərinin qorunması və təbliğinə yönələcək.
Kursun əsas məqsədi Kanadada yaşayan soydaşlarımızın doğma vətənlə əlaqələrini daha da möhkəmləndirmək, Azərbaycan milli mədəniyyətini, musiqisini təbliğ etmək, milli irsimizin, mənəvi dəyərlərimizin qorunmasına çalışmaqdır. Mərkəzdə Azərbaycanın milli musiqi və rəqsləri, ədəbiyyatı azərbaycanlı uşaqlara, eləcə də mədəniyyətimizə maraq göstərən kanadalılara öyrədiləcək. Kanadadakı Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzi yaxın gələcəkdə incəsənətin digər sahələrinə dair də dərnəklər açmağı nəzərdə tutub. Bu işlərdə Azərbaycanın Kanadadakı səfiri Fəxrəddin Qurbanov da öz köməkliyini göstərir.