Azərbaycan Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 45 aptekə lisenziya verilib. Əvvəllər 31 aptek qanunsuz fəaliyyət göstərirdi, yerdə qalanlar isə təzə yaradılıb. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin məlumatında deyilir.
Reydlərin yekunlarına görə, lisenziyaların olmaması, aptek işçilərinin lazımi peşəyə yiyələnməməsi və s. kimi nöqsanlar aşkar olunub. Bakıdakı 350 aptekdə reydlər aparılıb. Bunun 16-sı qanunsuz fəaliyyət göstərdiyinə və lazımi şərait olmadığına görə bağlanıb (Nizami, Xətai, Səbail rayonları ərazisində).
35 aptekə şəraiti yaxşılaşdırmaqla bağlı tövsiyələr verilib. Bundan sonra Nizami, Nərimanov, Xətai, Səbail və Nəsimi rayonlarında yerləşən apteklərdə təmir işləri aparılıb və əczaçılıq fəaliyyəti üçün şərait yaradılıb.
Ölkənin digər şəhər və regionlarında reydlər davam etdirilir. Artıq Lənkəran, Masallı, Astara, Quba, Dəvəçi, Xaçmaz, Bərdə, Ağcabədi, Zərdab və Gəncədə qanunsuz fəaliyyət göstərdiyinə və tələblərə cavab vermədiyinə görə 50-yə qədər aptek bağlanılıb. Demək olar ki, lisenziyaya malik 70 aptekdə əczaçılıq fəaliyyəti üçün şərait bərpa olunub. İndiyədək rayonlarda əvvəllər lisenziyasız fəaiyyət göstərən 19 aptekə və yeni yaradılmış 4 aptekə lisenziya verilib.