...

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının tərkibi dəyişdirildi

Cəmiyyət Materials 31 İyul 2006 16:55 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Trend in məlumatına görə, tədbirdə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Şuranın son üç ayda gördüyü işlərə dair hesabat verib. Hesabat İH üzvləri tərəfindən müsbət dəyərləndirilib.

Hesabatda göstərilib ki, MŞ İdarə Heyətinin həmin müddətdə 2 iclası keçirilib. Medianın aktual problemləri müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Qurumun Şikayətlər üzrə Komissiyanın 3 iclasında isə 20 məsələ barədə rəylər çıxarılıb. Həmçinin Şuranın katibliyində 95 müraciət həllini tapıb. Ə.Amaşov MŞ-nin son 3 ay ərzində gördüyü işlər, keçirdiyi tədbirlər, özünün səfərləri barədə də məlumat verib.

Sonra İH üzvləri MŞ-nin Şikayətlər üzrə Komissiyasının tərkibinin dəyişdirilməsi ilə bağlı məsələyə baxıblar. Bildirilib ki, ölkə jurnalistlərinin III qurultayından sonra komissiyaya MŞ sədrinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı rəhbərlik edib. İndiyədək keçirilən 12 iclasda 90-a yaxın məsələ müzakirə edilib, müvafiq rəylər çıxarılaraq İdarə Heyətinə təqdim olunub. MŞ sədri 7 nəfərdən ibarət komissiyanın bir il ərzində səmərəli işlədiyini, Şuranın Nizamnaməsinə görə komissiyanın tərkibi yeniləşdirilməli olduğunu deyib. Qeyd edib ki, növbəti bir il üçün Komissiyaya Şura sədrinin ictimaiyyətdən olan müavini - AzTI-nin "Səhər" proqramının rəhbəri Qulu Məhərrəmli rəhbərlik etməlidir. İdarə Heyəti Şikayətlər üzrə Komissiyanın yeni tərkibini təsdiqləyib.

Komissiyanın yeni tərkibində, Q.Məhərrəmli ilə yanaşı "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, "İki sahil" qəzetinin baş redaktoru Iüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dosenti Zeynal Məmmədli təmsil olunacaqlar.

Xəbər lenti

Xəbər lenti