...

Nuşirəvan Məhərrəmli: "Azərbaycanda yayımlanan xarici telekanallar üçün lisenziya haqqı müəyyən etməyin vaxtı çatıb"

Cəmiyyət Materials 5 Sentyabr 2006 19:45 (UTC +04:00)

"Azərbaycanda yayımlanan xarici telekanalların fəaliyyəti üçün lisenziya haqqı müəyyən etməyin vaxtı gəlib çatıb". Bu fikirləri Trend ə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

O qeyd edib ki, hazırda lisenziya müddəti uzadılmayan az miqdarda yerli telekanal qalıb. Onların məsələsi həll edildikdən sonra Teleradio Şurası xarici telekanallara keçəcək. Çünki Azərbaycanda xarici televiziya və radio kanallarının hüquqi sənədləri tənzimlənməyib, yəni, onlar lisenziyasız fəaliyyət göstərirlər: "Ümumiyyətlə Teleradio Şurasında xarici telekanalların heç bir sənədi yoxdur. Buna görə də biz onların hansı formada fəaliyyət göstərdiklərini müəyyənləşdirməyə çalışırıq. Yerli telekanalların lisenziya məsələsini həll etdikdən sonra əcnəbi kanalların fəaliyyəti ilə məşğul olacağıq".

N.Məhərrəmli bildirib ki, Teleradio Şurası hər hansı kanalın yayımının dayandırılmasını qarşıya məqsəd kimi qoymayıb. Sadəcə olaraq Şura kanalların fəaliyyətini qanuni müstəviyə keçirməyə çalışır.

"Azərbaycan müstəqil dövlətidir və öz qanunları var. Xarici kanallar bu qanunlar əsasında fəaliyyət göstərməlidir. Onlar Azərbaycanda heç bir rüsum ödəmirlər. Halbuki lisenziya haqqı ödəməlidirlər. Onların lisenziya dəyəri bizim yerli telekanalların ödədiyi lisenziya haqqından çox olmalıdır. Çünki onlar kənardan gəlib burada biznes fəaliyyəti ilə məşğul olurlar. Azərbaycanda əcnəbi yayımçıların fəaliyyətinin hüquqi tənzimlənməsi aparılmalıdır"-deyə Teleradio Şurasının sədri vurğulayıb. Əcnəbi telekanallardan hansı həcmdə lisenziya haqqı tutulmasına gəldikdə, N.Məhərrəmli deyib ki, beynəlxalq təcrübədə nə qədərdirsə, Azərbaycanda da buna uyğun qayda tətbiq edilməlidir. Şura sədrinin fikrincə, bu yeni qaydalarla həmin ölkələr razılaşmaya bilməzlər: "Çünki əvvəla, onlar üçün burada əlverişli və imtiyazlı şərait yaradılır. Başqa ölkələrdə xarici telekanallar peyk vasitəsilə yayımlanır. Azərbaycanda isə xarici kanallara yerli kanallar kimi tezlik verilib. Halbuki həmin tezlik özümüzün yerli kanallarımıza verilə bilərdi. Ona görə də onlar razılaşmayacağı təqdirdə, yayımları dayanmalıdır".

Şura sədri bildirib ki, xarici telekanalların fəaliyyətinin tənzimlənməsi prosesinə bu ilin payız aylarında başlanılacaq və 2007-ci ildə davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 5 xarici televiziya kanalı (ikisi Rusiyanın, üçü Türkiyənin) və 6 xarici radio - "Azadılq", "Amerikanın səsi", "BBS", "Radio-frans", "Mayak", "Qolos Rossii" radio dalğaları fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti