Oktyabrın 2-də Azərbaycanın ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov Böyük Britaniya Lordlar Palatasının üzvü, tanınmış ictimai xadim Baronessa Vivyen Sterni qəbul edib. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin uğurla davam etdiyini vurğulayıb və ölkədə aparılan mütərəqqi islahatlar, insan hüquqlarının təmin edilməsi, o cümlədən penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlərdən danışıb.
Xanım Stern isə öz növbəsində Avropa Şurasının və digər beynəlxalq təşkilatların Azərbaycanın penitensiar sistemi haqqında müsbət rəyləri ilə tanış olduğunu vurğulayıb. O, bu sahədə kadr islahatlarını və tətbiq edilən ictimai nəzarəti, məhkumların ailələrinə yaxınlaşdırılması üçün regionlarda cəzaçəkmə müəssisələrinin inşasını yüksək qiymətləndirib.