...

Maqen David Adom və Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəal şəkildə əməkdaşlıq etmək niyyətindədirlər

Cəmiyyət Materials 19 Oktyabr 2006 16:43 (UTC +04:00)

İsrailin "Maqen David Adom" humanitar təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) fəal şəkildə əməkdaşlıq etmək niyyətindədirlər. Trend xəbər verir ki, bu barədə "Maqen David Adom"-un İcra komitəsinin prezidenti Yifrax Naam Azərbaycana ikigünlük səfərinin yekunları üzrə Bakıda keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yardımın göstərilməsi və əməkdaşlığın təşkili üçün Azərbaycan tərəfinin tələbləri öyrənilib. O bildirib ki, "Maqen David Adom" artıq Avropa və Afrika ölkələri, Tayland, Uqanda, Şri-Lanka, Avstraliya və ABŞ, həmçinin İordaniya, Misir və Fələstinlə əməkdaşlıq edir. Lakin 2006-cı ilin iyun ayında təşkilatın Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Konfransına (BQXQAK) qəbul olunmasından sonra Azərbaycan "Maqen David Adom"un münasibət qurduğu ilk müsəlman ölkəsidir. Y.Naam qeyd edib ki, 100 mln. ABŞ dolları illik büdcəyə malik, 1500-ə qədər əməkdaşı və 10 min könüllüsü olan "Maqen David Adom" İsraildə ödənişli əsaslarla təcili yardım funksiyalarını yerinə yetirir və 7 dəqiqə ərzində çağırış yerinə gəlir. "Biz mühüm bir ölkə kimi Azərbaycanla da əməkdaşlığı inkişaf etdirmək istəyirik. Azərbaycan - investisiyalar üçün yaxşı yerdir", - deyə Y.Naam vurğulayıb.

AQAC-ın baş katibi Elxan Rəhimov bildirib ki, "Maqen David Adom" nümayəndə heyətinin səfərinin məqsədi Qızıl Aypara Cəmiyyətinin dəvəti ilə əməkdaşlığı təşkil etmək və təcili yardımın göstərilməsi sistemini təkmilləşdirməkdən ibarətdir. Yaxın vaxtlarda Azərbaycanın nümayəndə heyəti İsrailə səfər edəcək. Orada Qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması, işçi qruplarının yaradılması və əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirilməsi nəzərdə tutulub. E.Rəhimovun sözlərinə görə, İsrail tərəfi, o cümlədən, azərbaycanlı mütəxəssislər üçün treninqlərin təşkilində texniki yardım göstərə bilər.

"Maqen David Adom" təxminən 60 ildir ki, fəaliyyət göstərir və İsrail Dövləti BQXQAK-ın ənənəvi simvolu - xaçı qəbul etməkdən imtina etdiyinə görə, o, təşkilata qəbul olunmayıb. İsrailin beynəlxalq təşkilatdakı üzvlüyünü mümkün etmək üçün Qırmızı Xaç yeni alternativ simvol - kristalı qəbul edib. Bu, İsrailin məcburi olaraq beynəlxalq təşkilata daxil olan 184 digər cəmiyyətin istifadə etdiyi qırmızı xaç və ayparanı qəbul etməsi əvəzinə, ona öz emblemini, Davidin qırmızı ulduzunu saxlamaq imkanı verib.

Xəbər lenti

Xəbər lenti