...

Heydər Əliyevin vəfatının üçüncü ildönümü ilə əlaqədar Rusiyanın Sankt-Peterburq şəhərində mərasim keçirilib

Cəmiyyət Materials 12 Dekabr 2006 18:42 (UTC +04:00)

Bu gün - dekabrın 12-də Azərbaycanın eks-prezidenti Heydər Əliyevin vəfatının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun və Sankt-Peterburqda yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyatının təşəbbüsü ilə tədbir keçirilib. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Tədbirdə Sankt-Peterburq administrasiyasının xarici əlaqələr komitəsinin sədri A.Proxorenko, Rusiya Federasiyasının Şimal-Qərb regiondakı müsəlmanların dini rəhbəri Ponçayev Cəfər Nəsibuloviç, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov, Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyatının sədri V.Məmişov, onun müavini Ə.Salmanov, icraçı direktor A.Qasımov, Sankt-Peterburq Millətlər Liqasının Sədri Tsakiyev, Azərbaycan diaspora nümayəndələri, yerli əhali iştirak edib. Mərasimdə həmçinin Qazaxıstan, Xorvatiya, Ukrayna, inquş, alman və yəhudi diasporlarının nümayəndələri də iştirak ediblər.

Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qudsi Osmanov ümummili lider Heydər Əliyevin siyası həyatı və Azərbaycan xalqı qarşısında yüksək xidmətiləri barədə danışıb. Sankt-Peterburq administrasiyasının xarici əlaqələr və turizm komitəsinin sədri Proxorenko Heydər Əliyevin Azərbaycan-Rusiya əlaqələrinin inkişafında oynadığı rolu qeyd edərək, dahi rəhbərin ikitərəfli əlaqələrdə əsl dönüş yaratdığını vurğulayıb. Tədbirdə Sankt-Peterburqda yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyatının sədri Vaqif Məmişov çıxışında Heydər Əliyevin Azərbaycandan kənarda yaşayan həmvətənlərinə daim yüksək diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.

Tədbirin sonunda Heydər Əliyevin xatirə lövhəsinin önünə gül dəstələri qoyulub. Bu mərasimdən sonra "Kurakin" sarayında ehsan verilib. Ehsan məclisində təxminən 300 nəfər insan iştirak edib, Heydər Əliyevin xatirəsinə dini rəhbər C.Ponçayev tərəfindən müqəddəs Qurandan ayələr oxunub. Sonda ümümmilli liderin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən videofilm nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti