Yanvarın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində Hacı Məmmədova və onun başçılıq etdiyi mütəşəkkil bandaya hökm oxunacaq. DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun bandasının məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir. Bu barədə Trend ə məhkəmədən məlumat verilib.
Qeyd edək ki, çoxsaylı adam oğruluqlarında və qətllərdə təqsirləndirilən bandanın məhkəməsi 4 avqust 2006-cı il tarixdə start götürmüşdü. Təqsirləndirilən şəxslərin, zərərçəkmişlərin və şahidlərin ifadələri başa çatdıqdan sonra dövlət ittihamçıları Hacı Məmmədova və bandanın daha 9 üzvünə ömürlük, digər üzvlərinə isə müxtəlif müddətlərə həbs cəzaları tələb etmişdilər. Barələrində ömürlük həbs cəzası tələb olunanlar arasında DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovla həmin idarənin keçmiş şöbə rəisi Kamil Sədrəddinov da var.
Məhkəmədən o da bildirilib ki, hökmün oxunuşu saat 11.00-da başlanacaq.