...

Azərbaycan Mətbuat Şurası həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün dövlət orqanlarına sənəd təqdim edəcək

Cəmiyyət Materials 17 May 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirlinin və şöbə redaktoru Yaşar Ağazadənin həbs olunmalarını xeyli sərt qərar kimi qiymətləndirib. Bu barədə Amaşov cümə axşamı açıqlama verib.

Qeyd edək ki, çərşənbə günü Yasamal Rayon Məhkəməsində akademik, Milli Məclisin deputatı Cəlal Əliyevin "Müxalifət" qəzetində şərəf və ləyaqətinin təhqir olunması iddiası əsasında məhkəmə iclası keçirilib. Şikayətçinin iddiası təmin olunub və qəzetin rəhbərliyi - Kəbirli və Ağazadə məhkəmə zalında həbs olunublar.

Mətbuat Şurasının sədri hesab edir ki, məsələni daha yumşaq yekunlaşdırmaq olardı: "Mətbuat Şurası media təmsilçilərinin mətbu çıxışlara görə həbs olunmasının heç vax t tərəfdarı olmayıb. Bu hökm elə bir vaxtda çıxarılıb ki, beynəlxalq təşkilatların tövsiyələri, Mətbuat Şurası və digər jurnalist təşkilatlarının maraqları əsasında "Diffamasiya haqqında" qanun layihəsi tez-tez gündəmə gətirilir. Mətbuat Şurası həbsdə olan bütün jurnalistlərin azadlığa çıxmaları istiqamətində səylərini davam etdirir. Şübhəsiz ki, "Müxalifət" qəzeti təmsilçiləri barədə də sözümüzü deyəcəyik" - deyə Amaşov bildirib.

Onun sözlərinə görə, Mətbuat Şurası həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılmaları üçün geniş məsləhətləşmələr aparcaq və hazırlanacaq sənəd müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti