Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımının təmin olunması ilə bağlı Azərbaycan tərəfinin təkliflər zərfi tam hazırdır. Bu barədə bazar ertəsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) və İşçi Qrupunun üzvü Qafar Cəbiyev məlumat verib.
Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı məsələnin həll olunması üçün İşçi Qrupu yaradılıb. İşçi Qrupunun tərkibinə Xarici İşlər, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri, Milli Televiziya və Radio Şurası, AzTV-nin təmsilçiləri daxildir.
Cəbiyev bildirib ki, təkliflər zərfində Azərbaycan televiziyasının Rusiya ərazisinin 72%-də yayımının vacibliyi qeyd olunub. Bu təklif Rusiya və Azərbaycanın işçi qruplarının yaxın günlərdə keçiriləcək görüşündə səsləndiriləcək. Onun sözlərinə görə, İşçi Qrupunun üzvləri telekanalın Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə yayımını məqsədəuyğun hesab edib. İşçi Qrupu Azərbaycanda telekanal kimi AzTV-nı seçib. Cəbiyev bildirib ki, Azərbaycanda yayımlanacaq Rusiya kanalında Azərbaycanın dövlətçiliyinə xələl gətirən verilişlər yayımlandığı halda isə həmin verilişin yayımı dərhal kəsiləcək. Bu şərt də təkliflər zərfinə daxil edilib.
MTRŞ-nın yanvarın əvvəlində çıxardığı qərarı ilə iyulun10-da Rusiya telekanallarının Azərbaycanda yayımı dayandırılacaq. Rusiya tərəfi isə bu qərarın əleyhinədir. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu günlərdə Azərbaycana rəsmi səfəri zamanı da müzakirə olunub.