...

Monitorinq: "Məhkəmələr həbs qətimkan tədbiri ilə bağlı daxil olmuş təqdimatların böyük hissəsini təmin edirlər"

Cəmiyyət Materials 20 İyun 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Məhkəmələr həbs qətimkan tədbiri ilə bağlı daxil olmuş təqdimatların böyük hissəsini təmin edirlər. Bu barədə "Cinayət prosesində tərəflərin bərabərliyinin monitorinqi" layihəsi çərçivəsində aparılan monitorinqin nəticələrində qeyd olunub. İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi tərəfindən fevralın 1-dən mayadək 50-dən çox rayon və şəhər məhkəmələrində həbs qətimkan tədbirlərinin seçilməsi proseslərinin monitorinqi həyata keçirilib və bu proses hazırda da davam edir. İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin rəhbəri Akif Əlizadə Trend ə bildirib ki, fevral ayında monitorinq aparılmış məhkəmələrə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı 162 təqdimat daxil olub, bundan 156 təqdimat təmin edilib, 6 təqdimat tam təmin edilməmiş və başqa növ qətimkan tədbiri ilə əvəzlənməsi barədə qərar qəbul edilib. Bu qərarlar üzrə 1 protest verilib və təmin edilib. Qəbul edilmiş qərarlardan şikayət verilməyib.Mart ayında monitorinqin aparıldığı məhkəmələrə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı 119 təqdimat daxil olub, bundan 117 təqdimat təmin edilib, 2 təqdimat təmin edilməyib. Təmin edilməmiş təqdimat üzrə qəbul edilən 1 qərardan protest verilib və təmin edilib. Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qəbul edilmiş qərarlardan şikayət verilməyib.Aprel ayında monitorinq aparılmış məhkəmələrə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı 97 təqdimat daxil olmuş, bundan 93 təqdimat təmin edilib, 4 təqdimat üzrə başqa qətimkan tədbiri seçilməsinə dair qərar qəbul edilib. Başqa qətimkan tədbirinin seçilməsi ilə bağlı qəbul edilmiş qərarlardan 1 şikayət verilib, şikayət təmin edilməyib.

Monitorinqin ilk mərhələsində Bakı şəhərinin bütün rayon məhkəmələri, həmçinin Lerik, Sabirabad, Xızı, Gədəbəy, Neftçala, Masallı, Ağcabədi və Balakən rayon məhkəmələri sözügedən monitorinqin aparılmasına imkan verməyiblər. Adıçəkilən rayon məhkəmələrinin sədrləri monitorinqin aparılmasına yalnız Ədliyyə Nazirliyinin razılığından sonra şərait yaradacaqlarını bildiriblər. Bu məqsədlə 18 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi müraciət edilib. Bir sıra rayon məhkəməsi, o cümlədən Bərdə, Göyçay, Mingəçevir, Şəki, Hacıqabul, Dəvəçi, Samux və Tovuz rayon məhkəmələri monitorinqin aparılması ilə bağlı əməkdaşlıqdan imtina etməsələr də, bu vaxta qədər onlardan zəruri məlumatları əldə etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti