Azərbaycan, Bakı, 22 iyun /müx.TrendLife Tayfun Eloğlu/Sovet dövründə özünə hörmət edən müğənni heç vaxt konsert salonlarında fonoqram oxumurdu. İndi isə müğənnilər arasında belə hallar baş alıb gedir. Müasir şou-biznes özünə yüngül yol seçib. Səbəb isə bir şeydir. Hər şeyi pul həll edir. Bu barədə TrendLife Azərbaycanın canlı əfsanəsi, xalq artisti Flora Kərimova söylədi.
- Bu gün estradamızda çox az istedadlı insanlar qalıb. Mən oxuduğum dövrlərdə əsl ustadlar qastrollara gedirdilər. Yaşamaq üçün ancaq öz sənətləri və yaradıcılıqları ilə pul qazanırdılar. İndiki şou-biznesin vəziyyəti məni çox qorxudur. Həm qorxudur, həm də kədərləndirir. İndiki bəzi müğənnilər qəpik-quruş qazanmaq üçün öz mənliklərini itirirlər. Onlar arasında həm analar, həm də gələcəkdə ev xanımı olacaq insanlar var. Mən bir şeyi başa düşmürəm: onlar 40-50 yaşlarında özlərini necə təsəvvür edirlər? O vaxt nələrini göstərəcəklər, nələri ilə alver edəcəklər? Nə qədər cərrahiyyə əməliyyatı olunsalar da, yaş onsuz da özünü göstərir. Müasir "müğənnilər" bədənləri ilə pul qazanmağı səslərindən üçtün tuturlar. Belələrini görəndə deyirəm "biz hara gedirik?". Bəs əsl ifaçılıq harda qaldı? Sonra da özüm-özümü sakitləşdirirəm. Cəmiyyətimiz tezliklə bu epidemiyadan xilas olacaq.
- Belə çıxır ki, mənəviyyatsız müğənni öz çıxışları ilə əsl profesionalları kənarda qoyur.
- Mənəviyyatsızlar incəsənətdə həmişə olub. Bizim vaxtımızda da belələri var idi. Amma bəziləri sağaldı, bəziləri isə yox. Bu zəmanədən asılı deyil. Açıqcasına öz qiymətini bildirmək, çılpaq vəziyyətdə özünü göstərmək insanı həm təhqir edir, həm də alçaldır.
- Hər zaman bizim estradamızın müğənniləri bir-birini təhqir edirlər. Dava-dalaş yaradırlar.
- Bu o vaxta qədər davam edəcək ki, həmin davanı yaradan insanlar o biri dünyaya köçəcəklər. Estradada əsl səslər yoxdur. Barmaqarası müğənnilərin yaratdığı incəsənət 2-3 notdan ibarət olur. Əsl səslər üçün mahnılar yoxdur. Əgər müğənninin səsi mülayim tembrdədirsə, yenə bir təhər çulunu sudan çıxardır. Yox, əksinə, kobud, siqaret çəkilmiş səsdirsə, nə deiym? Əsl biabırçılıq! Səhnə əsl sahibini gözləyir. Estrada əsl istedadlar üçün darıxıb. Və mütləq bu istedad gələcək. Hər kəsi öz yerinə qoyacaq. Bir şeyi unutmaq lazım deyil ki, mənlik, şəxsiyyət pulla alınmır.
- Bəs dediyiniz epidemiyanın dərmanı var?
- Bu sahədə ATV kanalında keçirilən retro mahnıların müsabiqəsini xüsusi vurğulamaq lazımdır. Burda heç bir artıq söz eşitmirsən. Hər şey çox yüksək səviyyədə keçirilir. Məhz belə müsabiqələr istedadlıları üzə çıxarır. Təəssüf ki, bizdə alaq otları var ki, onlar arasında qızılgüllər çox azdır. Lakin bu alaq otları onları məhv edə bilməyəcəklər.
- Sizin fikrinizcə, hansı müğənni Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil edəcək?
- Əgər Samir Bağırovu dəstəkləyən olsa, layiqincə bizim respublikanı orda təmsil edə bilər. Çünki "Eurovision" nəinki müğənninin istdadını aşkara çıxarır, həmin müsabiqənin çoxlu dinləyicisi var. İndoneziyadan tutmuş, Kamçatkaya qədər. Bundan əlavə, orda nəinki səs nümayiş olunur, həmçinin artistlik qabliyyəti və oyun elementləri. Qadın müğənnilər arasında isə bu keyfiyyətlərə görə heç kimi görmürəm. Bizim ölkədə kimi istəyirsən tərifləmək olar. Dostlarını, qohumlarını, yaxınlarını və s. "Eurovision" müsabiqəsinə getmək üçün bizdə əsl istedadlı, həmin müsabiqəyə layiq olan insan yoxdur.