Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Yaxın zamanlarda Qazaxıstanın Təhsil Nazirliyi "Təhsil haqqında" yeni qanunun təqdimatı ilə çıxış etmək niyyətindədir. Bu barədə Astanada jurnalistlələ görüşündə təhsil və elm naziri Janseit Tuymebayev məlumat verib.
"Biz ilk dəfədir ki, bu xəbəri bildiririk və hesab edirik ki, yeni qanun Qazaxıstan təhsilinin keyfiyyətinin artırılmasına xidmət edəcək", - deyə nazir bildirib.
Onun sözlərinə görə, yeni sənəddə təhsil sistemində mövcud olan kardinal dəyişikliklər nəzərdə tutulub. Xüsusilə Avropa təhsil sistminə inteqrasiyaya yardım edəcək üçpilləli təhsil sistemi nəzərdə tutulub. Bundan başqa, nazir qeyd edib ki, pedaqoqlara qarşı tələblər də gücləndiriləcək.
"Biz yalnız məktəb buraxılışları və tələbələr üçün deyil, müəllimlər üçün də testlər nəzərdə tuturuq. Mən həmçinin təkid edəcəyəm ki, vilayət və rayon xalq təhsil şöbələrinin rəhbərləri akim tərəfindən deyil, nazirlik tərəfindən təyin olunsun. Mən belə bir halla tanışam ki, rayonlardan birində xalq təhsil şöbəsinə keçmiş zootexnik başçılıq edirdi", - deyə bildirən Tuymebayev əlavə edib ki, bir çox ölkələrdə bu vəzifəyə təyinat təhsil nazirliyinin səlahiyyətindədir.
Təhsil naziri həmçinin jurnalistlərə bildirib ki, bütün ölkə üzrə 100 yeni məktəbdən 20-nin tikintisinə artıq başlanılıb.
Bundan əlavə, sentyabrın 1-i - yeni təhsil ilinin başlanğıcına min Qazaxıstan məktəbində interaktiv təhsil sistemi tətbiq olunacaq. Növbəti ildə isə interaktiv təhsil sistemi üçün avadanlıqları respublikanın daha altı min məktəbi alacaq.