...

Sabiq səhiyyə naziri Müalicə Müəssisəsinə köçürülməsini istəyir

Cəmiyyət Materials 14 Avqust 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanov Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov çərşənbə axşamı Trend ə bildirib ki, bu gün sabiq nazirlə saxlandığı Bayıldakı 1 saylı İstintaq Təcridxanasında görüşüb. Sabiq nazir səhhətində ciddi problem olduğunu və müalicə olunmaq üçün ona şərait yaradılmadığını deyib. İnsanov həmçinin apellyasiya şikayəti üzrə məhkəmə prosesinin yubadılmasından şikayətlənib.

Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev Trend ə bildirib ki, sabiq nazirin səhhəti ilə bağlı ciddi problemi yoxdur. Onun Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac olmadığını deyən Mehdiyevin sözlərinə görə, İnsanov kamera şəraitində müalicə olunur.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti