...

Sabiq baş nazirin köməkçisinin oğlu məhkəmə zalından azadlığa buraxılıb

Cəmiyyət Materials 22 Avqust 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq baş naziri Sürət Hüseynovun köməkçisinin qəsdən adamöldürmədə ittiham olunan oğlu məhkəmə zalından azadlığa buraxılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə çərşənbə günü keçirilən prosesdə Rövşən Nəzərova məhkəmənin hökmü ilə 3 il sınaq müddətinə 5 il şərti iş verilib.

1993-cü il iyunun 26-da Elnur Qədimovu qətlə yetirməkdə günahlandırılan Nəzərov hadisə ilə əlaqədar 1995-ci ildə 2 dəfə tutulub və dindirildikdən sonra buraxılıb. O, 2005-ci ilin mayında Almaniyadan Çexiyaya keçərkən İnterpol tərəfindən saxlanılıb və 5 gün sonra Almaniyada keçirilən məhkəmədə sərbəst buraxılıb. 2007-ci ilin martında isə Azərbaycanda saxlanılıb.

Nəzərov istər ibtidai istintaq, istərsə də məhkəmədə verdiyi ifadələrində özünü təqsirli bilməyib. Dövlət ittihamçısı Nəzərovun Azərbaycana könüllü qayıtmasının və digər halların yüngülləşdirici hal kimi qiymətləndirilməsini məhkəmədən xahiş edib.

Nəzərovun vəkili Aydın Nəzərov müdafiə etdiyi şəxsin ittiham edildiyi ölüm hadisəsi baş verən zaman hadisə yerində olmadığını və bunun zərərçəkmişlərin və şahidlərin ifadələri ilə təsdiqləndiyini bildirib.Vəkil Nəzərova məhkəmədən bəraət istəyib.

Xəbər lenti

Xəbər lenti