Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında cəza çəkən məhkum Vüqar Əliyev valideynləri ilə ona görüş verilməməsinə etiraz olaraq damarlarını doğrayıb. Bu barədə çərşənbə axşamı Trend ə məhkumun qardaşı Elnur Əliyev məlumat verib.
E.Əliyev bildirib ki, dünən atası və anası oğulları ilə görüşmək üçün həbsxanaya gediblər. Lakin həbsxana rəisi Əlizadə Hüseynov valideynlərə qarşı kobudluq göstərərək onları görüşə buraxmayıb: "Valideynlərim evdən bir maşın sovqat aparmışdı. Həbsxana rəisi bir sumka belə içəri ötürməyə icazə verməyib".
Dördüncü korpus, 125-ci kamerada saxlanılan V.Əliyev özünə xəsarət yetirsə də, ona ilkin tibbi yardım göstərilməyib. "Belə bir hadisə bir neçə ay əvvəl də baş vermişdi. Vüqar damarlarını doğramışdı" - deyən məhkumun qardaşının sözlərinə görə, Vüqara qarşı təzyiqlər Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun tapşırığı ilə göstərilir. V.Əliyev 2003-cü ildə Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirdiyinə görə, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Trend ə açıqlamasında məhkumun özünə xəsarət yetirməsi barədə məlumatı təsdiqləməyib. Bildirib ki, V.Əliyev ailəsi ilə iyulun sonunda görüşüb. Cəzaların icrası Məcəlləsinin 122.1.2 və 122.1.3-cü maddələrində ömürlük azadlıqdan məhrum edilmiş məhkuma il ərzində 3 qısamüddətli, bir uzunmüddətli görüşə, 2 telefon danışığına, 4 dəfə bağlama, sovqat almağa icazə verilir: "Vüqar Əliyev valideynləri ilə sonuncu dəfə iyulun axırlarında görüşüb və sovqat qəbul edib. Ona ailəsi ilə növbəti görüş noyabrda verilə bilər, sovqatı isə oktyabrda ala bilər".
Sadıqov Aslanovun tapşırığı ilə V.Əliyevə hansısa təzyiqlərin göstərilməsini də mümkünsüz sayır: "Həbsxanada hər hansı məhkuma belə təzyiqlərin göstərilməsi qeyri-mümkündür. Vüqar Əliyevin atası dünən oğlu ilə görüş istəyib. Qanunla buna icazə verilməməsi məhkumun atasına izah olunandan sonra o bildirib ki, Aslan Aslanovun həbsxana rəhbərliyinə belə bir tapşırıq verdiyi barədə mətbuatda çıxış edəcək".